...

Cen Psakinin yalanı

Siyasət Materials 2 Dekabr 2014 11:48 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətinin, o cümlədən mətbuat azadlığının məhdudlaşdırıldığını iddia edib və bu vəziyyətdən narahatlığını bildirib.
Cen Psakinin yalanı

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətinin, o cümlədən mətbuat azadlığının məhdudlaşdırıldığını iddia edib və bu vəziyyətdən narahatlığını bildirib.

Ümumiyyətlə, son günlər nədənsə ABŞ rəsmiləri Azərbaycan üzərinə müxtəlif "mövqelərdən" hücuma keçiblər, "insan haqları", "mətbuat azadlığı" mövzusunda spekulyasiyalar edərək öz maraqlarını ölkəmizə yeritməyə can atırlar. Hücumların intensivləşməsi ondan xəbər verir ki, yəqin yenə hansısa məsələdə Azərbaycandan nəsə qoparmaq istəyirlər.

Əvvəla, Cen Psakidən soruşmaq lazımdır ki, görəsən o, Azərbaycanı xəritədə tanıyırmı, onun Azərbaycan haqqında, Azərbaycanın mövcud problemləri haqqında məlumatı varmı? Görəsən Cen Psaki Azərbaycan mətbuatını izləyibmi, orada yazılan yazıları, fikirləri, tənqidləri, hətta təhqirləri görübmü? Əminəm ki, görməyib. Sadəcə o, bu bəyanatı ya bilərəkdən hansısa maraq xatirinə, ya da hansısa insanların ona verdiyi qərəzli məlumatlar əsasında verib.

Cen Psakinin nəzərinə çatdırırıq ki, onun haqqında danışdığı Azadlıq radiosunun müxbiri Turxan Kərimov həbs edilməyib və ya onun fəaliyyətinə hansısa qadağalar qoyulmayıb.

Daxili İşlər Nazirliyinin bu barədə verdiyi bəyanatı da Dövlət Departamenti sözçüsünün diqqətinə çatdırmaq yerinə düşərdi: "Dünyanın istənilən ölkəsində, o cümlədən Azərbaycanda xidməti vəzifəsini yerinə yetirərkən polis əməkdaşı özünü şübhəli aparan və ya şübhə doğuran istənilən vətəndaşı şəxsiyyətini müəyyənləşdirmək məqsədilə aidiyyəti və ərazi üzrə polis orqanına gətirə, müvafiq profilaktik söhbətlər apara və qanunvericilikdə nəzərdə tutulmuş müddətdə saxlaya bilər".

Bu səbəbdən Azadlıq radiosunun əməkdaşı Turxan Kərimov da söhbət aparılması üçün polis bölməsinə çağırılıb və onunla müəyyən söhbətdən sonra sərbəst buraxılıb. Elə Turxan Kərimov özü də saxlanması haqqında mətbuata danışarkən polis əməkdaşlarının onunla çox normal rəftar etdiyini, ona qarşı hər hansı bir təzyiqin olmadığını, o cümlədən onun fəaliyyətinə hansısa qadağaların qoyulmadığını, hətta onu buraxarkən üzrxahlıq edildiyini bildirib.

Belə olan halda görəsən, Cen Psaki bu məsələ ilə bağlı niyə çox həyəcanla danışır, bunu beynəlxalq hüquq normalarının pozuntusu kimi, Azərbaycanın beynəlxalq öhdəliklərinə əməl etməməsi kimi qələmə verir?

Burada bir daha təsdiq olunur ki, Cen Psakinin Azərbaycanda baş verən hadisələrdən ya xəbəri yoxdur, ya da bilərəkdən belə edir. Yaxşı olardı ki, xanım Psaki bir az da öz ölkəsində baş verən hadisələrə qiymət versin. Hadisələrin də nə olduğunu hamı yaxşı bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti