...

Köhnəlmiş metod, effektsiz mübarizə

Siyasət Materials 5 Mart 2015 12:12 (UTC +04:00)
I Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı təxribat xarakterli kampaniyalar intensivləşməyə başlayıb.
Köhnəlmiş metod, effektsiz mübarizə

Baş direktorun müavini, siyasi şərhçi
Arzu Nağıyev - Trend:


I Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı təxribat xarakterli kampaniyalar intensivləşməyə başlayıb. Azərbaycanın uğuruna sevinməyən bəzi daxili və xarici qüvvələr ölkəmizi guya, nüfuzdan salmaq üçün "hücum taktikası"na keçiblər. Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli mövqeyi ilə seçilən beynəlxalq hüquq müdafiəsi təşkilatları - "Amnesty International", "Human Rights Watch" yenidən ölkəmizi hədəf seçiblər. Avropa ölkələrinə Azərbaycanda keçiriləcək Avropa Oyunlarını boykot etməyə çağıran müraciət yayıblar.

"Amnesty International", "Human Rights Watch" kimi təşkilatlar əsasən Leyla Yunusun irəli sürdüyü uydurma ittihamlar əsasında belə bir müraciətlə çıxış edirlər. Yəni Leyla Yunus belə bir fürsətdən istifadə edərək siyasi baxımdan yararlanmaq istəyir. Daha doğrusu, bugünkü məqamdan sui-istifadə edərək öz reytinqini qaldırmağa çalışır. Düşünürəm ki, bu çağırışlar mənasız sözlərdən başqa bir şey deyil. Hansısa bir ölkə öz idmançılarını medallar qazanmaqdan məhrum edərmi? Əlbəttə, yox!

Belə müraciətlər tarixən olub və heç bir müsbət effekt verməyib. Misal kimi SSRİ vaxtı Moskva və sonradan adekvat olaraq Los-Anceles olimpiadalarını göstərmək olar. Bu da heç bir effekt vermədi və idmanı siyasətə çevirə bilmədilər. Bu müraciətlərin də heç bir effekti olmayacaq.

Azərbaycan yalnız kimlərinsə fikirləri ilə dəyərləndirilmir. Azərbaycan bu gün özünün idman və digər sahələrdə dəsti-xətti olan, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkədir. Bu gün Azərbaycan dünyada neft və qaz ixrac edən dövlət kimi öz mövqeyini nümayiş etdirir. Bundan başqa, "Eurovision" mahnı müsabiqəsinə də ev sahibliyi edib və möhtəşəm nailiyyətlər qazanıb. Tolerantlığı ilə nümunə olmasına baxmayaraq, Azərbaycan müsəlman ölkəsidir və bu ölkənin belə bir nailiyyətləri xristian Avropanı tam qane edə və sevindirə bilməz. Eyni zamanda, erməni faktorunu və onların havadarlarını da bura əlavə etsək, doğrudan da qısqanclığın nədən ibarət olduğunu görərik.

İlin əvvəlindən başlayaraq atəşkəsin pozulması, təxribatlar bu məqsədə xidmət edir. Lakin görəndə ki, cavabları verilir, öz yerlərinə çəkilirlər. Bu qüvvələr ümumiyyətlə, Cənubi Qafqazda qeyri-stabil vəziyyətin hökm sürdüyünü dünyaya car çəkməyə çalışmaqlarına baxmayaraq, məqsədlərinə nail olmurlar. Buna baxmayaraq, xalqımız hüquq-mühafizə orqanları ilə birlikdə bunun qarşısını almaq istiqamətində əlindən gələni etməlidir.

Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti