...

Mübariz Əhmədoğlu: Roma Papası Fransiskin erməni məsələsinə dair yeni müraciətinə ciddi ehtiyac var

Siyasət Materials 15 Aprel 2015 11:29 (UTC +04:00)
“Roma Papası Fransiskin Ermənistana və erməni məsələlərinə münasibətinin bəzi parametrləri diqqət çəkir”.
Mübariz Əhmədoğlu: Roma Papası Fransiskin erməni məsələsinə dair yeni müraciətinə ciddi ehtiyac var

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Roma Papası Fransiskin Ermənistana və erməni məsələlərinə münasibətinin bəzi parametrləri diqqət çəkir". Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Roma Papası Fransisk beynəlxalq siyasi həyatda daha aktiv iştirakı ilə əvvəlki papalardan fərqlənir: "Yaxın Şərqdə baş verənlərə, Ukrayna hadisələrinə tez-tez münasibət bildirir. Bildirdiyi münasibətlər sülhə çağırış yönümlüdür. ABŞ-la Kubanın 50 il davam edən küsülülüyünə son qoyulmasında Papa Fransiskin hər iki ölkənin liderlərinə etdiyi müraciət mühüm rol oynadı. Hər iki dövlətin lideri Roma Papasının münasibətlərin normallaşmasında rolunu təsdiq etdilər. Belarusun Ukrayna hadisələrindəki müsbət rolunu görən kimi Roma Papası Belarusla Qərb arasındakı gərginliyin azaldılması istiqamətində fəaliyyətə başladı. Bütün Bunlar Roma Papası Fransiskin Papa statusunda fəaliyyətini xarakterizə edən əsas elementlərdir. Papa yeniliyə meylli və barışıq ideyalarının daşıyıcısı kimi qəbul edilirdi".

M.Əhmədoğlu qeyd edib ki, Roma Papası Fransiskin davranışında və fəaliyyətində heç bir şey onun "erməni soyqırımı"nı tanımasına və islam-xristian qarşıdurmasına çağırış etməsinə dəlalət etmirdi:

"Roma Papası bir neçə ay bundan öncə Türkiyədə səfərdə oldu. Məqsədi Yaxın Şərqdəki xristianların vəziyyətinin yaxşılaşmasında Türkiyənin rolunu aktivləşdirmək idi. Radikal islamçıların və islam dövlətinin o dövrdən aktivləşməsi fonunda Yaxın Şərq xristianlarının vəziyyətində daha neqativə doğru dəyişikliyin baş verməməsi həm də Türkiyə ilə əlaqəli məsələ idi. Papa Türkiyəyə səfər etməməklə bağlı Ermənistan rəhbərliyinin rəyini nəzərə almadı. Roma Papası Fransisk "erməni soyqırımı"nın 100 illiyinin qeyd olunması zamanı Yerevana gəlmək barədə Ermənistanın dəvətini rədd etdi".

M.Əhmədoğlu əlavə edib ki, Roma Papası Fransiskin Türkiyədə olarkən ən az diqqət yetirdiyi məsələ erməni mövzusu idi: "Türkiyədəki ermənilər Roma Papasının Türkiyəyə səfərindən çox şey umurdular. Amma Fransisk yalnız sağalmaz xəstə olan Katolikos Mesrop Mutafyana baş çəkdi. Türkiyəni tərk edərkən erməni jurnalistinin sualına cavab olaraq Türkiyə-Ermənistan sərhədinin açılmasını arzuladığını bildirdi. Roma Papası Vatikanda "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqəli mərasim ərəfəsində Gürcüstan prezidenti Q.Marqvelaşvilinin Vatikana səfərinə razılıq verdi və onu qəbul etdi. Amma həmin Roma Papası Ermənistan prezidenti S.Sərkisyanı qəbul etmədi. Onunla mərasimdən sonra mərasim zalında ayaqüstü salamlaşdı".

M.Əhmədoğlu bildirib ki, Roma Papasının katolik ermənilərlə birlikdə "erməni soyqırımı"nın 100 illiyini qeyd etməsi əvvəlcədən planlaşdırılmışdı və bununla da Roma Papası "erməni soyqırımı"nın 100 illiyinin qeyd olunmasına özünün ehtiramlı iştirakını təmin etmək niyyətində idi. Belə variant Türkiyəni də qane edirdi:

"Lakin Vatikanda "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqəli mərasim yaxınlaşdıqca hadisələrin gedişində dəyişikliklər baş verdi. Vatikanla əlaqəli ermənilər aktivləşdi. Erməni katolikosları "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqəli dini mərasimə dəvət olundu. Ermənistan prezidentinin dini mərasimdə iştirak edəcəyi ilə bağlı məlumatlar yayıldı. Aprelin 8-dən ermənilər Roma Papasının adından məlumatlar yaymağa başladılar. Hətta onun edəcəyi çıxışın mətnini açıqladılar. "Erməni soyqırımı" terminini işlədəcək, Ermənistanı xristianlığı qəbul edən ilk dövlət kimi təqdim edəcək. Vatikan rəhbərliyi ermənilərin yaydığı saxta məlumatlara heç bir reaksiya vermədilər. Daha çox aktivlik göstərən ermənişünaslıq üzrə Papa kafedrasının rəhbərliyi idi. Çox böyük ehtimalla Roma Papası Fransiskin dini mərasimdəki oxuduğu mətni də məhz onlar hazırlamışdı. Bu işlərin hamısı prezident S.Sərkisyanın kürəkəni, Ermənistanın Vatikandakı səfiri M.Minasyan tərəfindən idarə olunurdu".

Politoloqun sözlərinə görə, Roma Papası Fransiskin dini mərasimdəki oxuduğu mətn həqiqət deyil, yarımhəqiqət idi: "Ermənilər 600 il Osmanlı imperiyasının tərkibində yaşayıb, inkişaf ediblər. Ermənilər nazir vəzifələrinə təyin olunublar. Ermənilər kənar faktorların təsiri altında Osmanlı imperiyasına etiraza başladılar. Kənar faktorlardan ən əsası dini faktor idi. Ona görə Vatikan indi də həqiqəti deyə bilmir. Katolik ermənilərinin Roma Papasına təzyiq etdiyi, saxta mətn sırıdığı, hətta onu şantaj etdiklərini ehtimal etmək üçün bütün əsaslar var. Papa sülhməramlılıqdan uzaqlaşdırılır, "erməni soyqırımı"nı unutmamağa çağırır. Roma Papasının şantaja məruz qalmasının əsas səbəbini onun ermənilərlə, xüsusilə Argentina erməniləri ilə olan münasibətində axtarmaq lazımdır. Görünür, ermənilərə Fransiskin Argentina həyatı ilə bağlı bəzi şeylər məlumdur və bunlar Fransiski qorxudur".

M.Əhmədoğlu vurğulayıb ki, Roma Papasının dua mərasimində etdiyi çıxışda "erməni soyqırımı" termini işlətməkdən daha təhlükəli onun "erməni soyqırımı"nı unutmamağa çağırmasıdır: "Bu ermənilərin indiki davranışının və erməni konfliktogenliyinin davamına çağırışdır. Erməni xalqı belə uydurma miflər əsasında yaşadığına görə bu gün dünyadan demək olar ki, təcrid olunmuş vəziyyətdədirlər. Yalnız özlərinin anladığı anlayışlar və ifadələrdən istifadə edirlər. İndi erməni xalqı Cənubi Qafqaz regionunu tərk etmək üzrədirlər. Problemin mənbəyi özlərindədir. Roma Papasının "erməni soyqırımı"nı unutmamağa çağırışı ABŞ və Avropanın Ermənistanla Türkiyəni barışdırmaq istiqamətindəki bu vaxtadək gördüyü işləri yerə vurmaq deməkdir".

Politoloqun fikrincə, Roma Papasının "erməni soyqırımı"nı unutmamağa çağırışı dini qızışdırıcılıq çağırışıdır və yaxın vaxtlarda özünü Yaxın Şərqdəki proseslərdə göstərəcəkdir: "Roma Papası Türkiyədə yaşayan ermənilər üçün yeni problem yaratdı. Türkiyədəki 100 min erməninin böyük əksəriyyəti Türkiyəyə işləməyə gəlmiş Ermənistan vətəndaşlarıdır. Son illərdə Türkiyə hökuməti ermənilərlə bağlı məsələlərdə mövqeyini xeyli dəyişmişdi. Ermənilər vəzifəyə təyin edilirdilər, deputatlığa namizədliyi sürülmüşdü, erməni kilsələri Türkiyə hökumətinin hesabına təmir edilirdi, bəzi mülklər ermənilərə qaytarılmışdı. Türkiyə hökumətinin ermənilərlə münasibətinə yenidən baxması çox mümkündür. Fransiskin mövqeyinin simmetrik və asimmetrik olması polemika yarada bilər. Amma rəsmi Ankara Fransiskə simmetrik cavab verməyə borcludur".

M.Əhmədoğlu əlavə edib ki, bütün baş verənlərdə yalnız Türkiyəni günahlandırmaq, Vatikanın Qərbin və özünün XIX əsrin sonu XX əsrin əvvəlindəki hadisələrdə rolunu unutması Türkiyə ilə Qərb arasındakı anlaşılmazlığın əsas səbəbidir: "Roma Papasının, eləcə də bütünlükdə Qərb dünyasının rəsmi Ankaranın arxivlərinin açılması təşəbbüsünə dəstək verməməsi heç bir sivil normaya sığmır. "Erməni soyqırımı"na Vatikanın münasibətinin dəyişməsi xristian dəllallarının Qarabağ mövzusunda da aktivləşməsinə səbəb oldu. Roma Papasının adından Dağlıq Qarabağda sülhə çağırış bəyanatı yaydılar. Amma onların Dağlıq Qarabağdakı sülhə çağırışı Dağlıq Qarabağda status-kvonun qorunmasına olan çağırış anlamında idi".

M.Əhmədoğlu əlavə edib ki, ola bilər, Roma Papası Fransisk ermənilərin şantajından uzaq olmağın yollarını axtarır: "Bu yolu nə qədər tez tapsa, Yaxın Şərq regionunda baş verənlərə bir o qədər faydalıdır. Qərbin, o cümlədən Vatikanın özünün Yaxın Şərqdəki proseslərə müdaxilə etməsi üçün bütün açarlar yalnız Türkiyənin əlindədir. Başqa variant mümkün deyil. Ona görə Roma Papası Fransiskin erməni mövzusunda yeni müraciətinə ciddi ehtiyac var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti