...

Azərbaycanlı politoloq Avropa Parlamentinin qətnaməsini əsassız adlandırdı

Siyasət Materials 16 Aprel 2015 17:18 (UTC +04:00)
Avropa Parlamentinin hüquqi sənəd qismində qəbul etdiyi qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə tamamilə əsassızdır və heç bir hüquqi qüvvəsi olmayan bir sənəddir.
Azərbaycanlı politoloq Avropa Parlamentinin qətnaməsini əsassız adlandırdı

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Səba Ağayeva/

Avropa Parlamentinin hüquqi sənəd qismində qəbul etdiyi qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə tamamilə əsassızdır və heç bir hüquqi qüvvəsi olmayan bir sənəddir. Bunu Trend-ə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov Avropa Parlamentinin məlum qətnaməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, üstəlik, bu qətnamə tarixi inkişafın elementar qanunlarını, mövcud siyasi reallığı və tarixi proseslə bağlı hər şeyi nəzərə almır: "Avropa Parlamentinin deputatı hələ də arxivlərdə saxlanılan orijinal tarixi sənədlərlə tanış olmadan 100 il əvvəl Türkiyə ərazisində nə baş verdiyini bilə bilməz. Parlamentarilər müəyyən məqsədlər güdən bir qrup insan tərəfindən gündəliyə daxil edilən qətnamənin lehinə səs verə bilməzlər. Bu, birmənalıdır və şübhə doğurmur".

F.Sadıxov qeyd edib ki, siyasi tərəfkeşlik və maraqlar burada hər şeydən əvvəl gəlir: "Tapşırıq Türkiyəyə təzyiq etməkdən ibarətdir. Türkiyənin dünyada baş verən siyasi proseslərdən kənarda qalması, onu izqoy vəziyyətə salmaq, Avropa İttifaqına buraxmamaq üçün bir çox Qərbi Avropa siyasətçiləri, maliyyə və dini dairələri qarşılarına bu tapşırığı qoyublar".

Politoloqun fikrincə, bu dairələrin məqsədi Türkiyəni vətəndaşları dini inanclarına görə təqib edilən dövlət kimi təqdim etmək və guya 100 il əvvəl əziyyət çəkənlərə maliyyə təzminatı ödəməyə nail olmaqdır: "Bu, aşkar ağılsızlıq, tamamilə qeyri-real və icrası mümkün olmayan tapşırıqdır və qarşılarına bu məqsədi qoyanlar uğursuzluğa məhkumdur".

Onun sözlərinə görə, Ermənistanın fəaliyyəti çox vaxt özünə zərər vurur: "Bu, ermənilərin ilk dəfə Dağlıq Qarabağ problemini qaldıranda da baş verdi. Bakı və Azərbaycanın digər şəhərlərində yaşayan təqribən yarım milyon erməni uzun müddət tutduqları yerlərdən məhrum oldular. Digər tərəfdən, Avropa Parlamentinin qəbul etdiyi qondarma "erməni soyqırımı" qətnaməsi Türkiyədə yaşayan 100 mindən çox erməni üçün problemlər yaradıb. Türkiyə hökumətinin hazırda onları deportasiya edəcəyini düşünmürəm".

F.Sadıxov əlavə edib ki, ermənilər və Avropa Parlamentinin deputatları belə fəaliyyətləri ilə Türkiyə cəmiyyətinin yerli ermənilərə qarşı nifrətinə yol aça bilərlər: "Bütün bunlar Türkiyə ilə Ermənistanın yaxınlaşmasına xidmət etmir, əksinə, yalnız vəziyyəti gərginləşdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti