Azərbaycan, Bakı, 17 aprel /Trend/
Azərbaycanın Moldovadakı səfirliyində Moldovanın parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriu Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığının knyaz Vladimir ordeni, eləcə də Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının fəxri üzvlük qızıl nişanı ilə təltif olunub.
Bu barədə Trend-ə Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.
A.Qriqoriu bu mükafatlara insan hüquqları və ölkələrin ərazi bütövlüyü ilə bağlı çoxillik məhsuldar faəliyyətinə görə layiq görülüb.
Knyaz Böyük Vladimir ordenini ombudsmana Kiyev Patriarxatı tərəfindən Şərqi Moldova yepiskopu Filaret təqdim edib.
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının qızıl nişanı isə A.Qriqoriuya alyansın sədri Elmar Məmmədov tərəfindən təqdim olunub.
Mükafatlandırma mərasimində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldovanın millətlərarası münasibətlər üzrə Bürosunun rəhbəri Yelena Belyakova, "Rossotrudniçestvo"nun Moldovadakı rəhbəri Valentin Rıbitski, Moldova Rus İcmasının rəhbəri Lyudmila Laşşenova, Moldova Dağ Yəhudiləri İcmasının rəhbəri Aleksandr Xanukayev, Moldova Azərbaycanlıları Konqresinin prezidenti Vüqar Novruzov, Moldova ictimaiyyətinin nümayəndələri və Moldovadakı Azərbaycan diasporunun fəalları iştirak ediblər.