Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/
2015-ci ilin ermənilər üçün olduqca çətin keçəcəyi görünür; ölkə bir müddətdir ki, iqtisadi böhranın astanasındadır və bu böhran 2009-cu ildəki iqtisadi böhrandan daha çətin olacaq. Bunu Trend-ə açıqlamasında Türkiyənin İstanbul Universitetinin Siyasi elmlər fakültəsinin professoru Deniz Ülke Arıboğan bildirib.
O, qeyd edib ki, Ermənistan geosiyasi baxımdan Qara dənizin çox əhəmiyyətli bir nöqtəsində yerləşsə də, qonşuları ilə arasında olan problemlər nəticəsində bu üstünlükdən istifadə edə bilmir: "Ermənistanın Azərbaycan və Türkiyə ilə mövcud problemləri onu həm cənubdan, həm də şərqdən qapalı ölkə vəziyyətinə gətirib və bu qapalılıq Ermənistanın iqtisadi inkişafı qarşısında maneədir".
D.Arıboğan hesab edir ki, Ermənistan həm Xəzər, həm də Qara dəniz hövzəsinin siyasi və iqtisadi inkişaf prosesi ilə uzlaşa bilməyən bir ölkədir və bu ölkə beynəlxalq təşkilatlardan borc alaraq, eyni zamanda, erməni lobbisinin siyasi dəstəyi ilə ayaqda qalmağa çalışır: "Ermənistan iqtisadiyyatına nəzər salsaq görərik ki, bu il sənaye istehsalı 6 faizdən çox geriləyib. Ölkənin ixracatı isə 20 faizdən çox azalıb. Ermənistan Mərkəzi Bankının sabiq rəisi isə deyib ki, bu il ölkədə yoxsulluğun səviyyəsi əvvəlki illərlə müqayisədə daha da artacaq".
Professor deyib ki, bütün bunlar təbii olaraq ermənilərin qonşu ölkələrdə iş axtarmasına gətirib çıxarır, çünki Ermənistan yoxsulluq içərisində yaşayan, gələcəyə ümidlərini tarixi yaddaşları ilə basdırmış, gələcəkdə başqalarından yardıma bel bağlamış bir ölkədir.
D.Arıboğanın sözlərinə görə, Türkiyədə hələ də 100 minə yaxın qeyri-leqal işləyən erməni var və bu ermənilərin əksəriyyəti xəstələrə baxmaq və ev işlərində çalışırlar. Onların orta gəliri isə 500-1000 ABŞ dolları arasındadır.
O, qeyd edib ki, Türkiyədəki ermənilərin öz ölkələrindəki qazandıqlarından daha çox gəlir əldə etməsi nəticəsində onların Türkiyədə sayı arta bilər: "Türkiyə hökuməti ermənilərin qeyri-leqal işləməyinə müdaxilə etmir. Bunu bir növ xalq diplomatiyası kimi, ölkələrinə geri qayıdan erməni işçilərin türklər haqqında mənfi stereotiplərinin dağılması üçün fürsət kimi görürlər".
Ekspertin sözlərinə görə, araşdırmalara əsasən Ermənistanda yaşayan ermənilərin bir çoxu erməni lobbisindən fərqli olaraq 1915-ci il hadisələrini deyil, öz iqtisadi gələcəklərini düşünürlər.
D.Arıboğan hesab edir ki, gələcəkdə Ermənistanda meydana gələcək ictimai-siyasi təzyiq Ermənistan hökumətinin işğal edilən Azərbaycan torpaqları məsələsində geriyə addım atması ilə nəticələnək: "Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları məsələsində siyasətinə dəyişiklik etməsi ermənilərin gələcəyinə müsbət təsir edə biləcək amil ola bilər".
O bildirib ki, ermənilər 100 ildən çoxdur Qərbin himayəsi altında olan bir xalqdır: "1915-ci hadisələrinin "qəhrəmanları" olmaları erməniləri qərbin nəzərində daha da yüksəldir. Qərbin ermənilərə simpatiyası göz qarşısındadır".
Professor qeyd edib ki, Azərbaycan və Türkiyə isə 2000-ci illərin parlayan ulduzları olmağa namizəd ölkələrdir: "Hər iki ölkə inkişaf edir, güclü oyunçuya çevrilir. Məhz buna görə də bizi Qərbin Ermənistana olan münasibəti narahat etməməlidir. Bunun əvəzinə, bu şərtlər daxilində strategiya qurmağa məcburuq. Əvvəlki illərdən fərqli olaraq, daha yaxşı strategiya qurmağı bacarırıq ki, bu da yaxşı haldır".