...

Politoloq: Ermənistan üçün Qarabağ məsələsi bəhanədir, onun siyasətinin əsas mahiyyəti antirusiyaçılıqdır

Siyasət Materials 18 Avqust 2015 14:13 (UTC +04:00)
Ermənistan üçün Qarabağ məsələsi bəhanədir, onun siyasətinin əsas mahiyyəti antirusiyaçılıqdır.
Politoloq: Ermənistan üçün Qarabağ məsələsi bəhanədir, onun siyasətinin əsas mahiyyəti antirusiyaçılıqdır

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İlkin İzzət/

Ermənistan üçün Qarabağ məsələsi bəhanədir, onun siyasətinin əsas mahiyyəti antirusiyaçılıqdır.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatı"nda deyib.

Politoloq bildirib ki, ötən ilin avqust ayında qoşunların təmas xəttindəki gərginlikdən sonra Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edən Rusiya prezidenti Vladimir Putin iki ölkənin dövlət başçıları ilə ayrı-ayrılıqda görüşdükdən sonra üçtərəfli formatda da görüş keçirildi: "Rusiya prezidenti bu görüşə ciddi hazırlaşmışdı. O, Rusiyanın Azərbaycan və Ermənistanla tarixi əlaqələrini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin SSRİ dövründə yarandığını nəzərə alaraq, bu münaqişənin tənzimlənməsində Rusiyanın xüsusi rolunu ortalığa qoydu. Rusiyanın strateji müttəfiqi, KTMT üzvü Ermənistanın prezidenti Serj Sərkisyan Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın xüsusi rola malik olması ilə bağlı təklifini rədd etdi. Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində əsas vasitəçinin ATƏT-in Minsk Qrupu olduğunu bildirdi. Minsk Qrupu konsensus mexanizminə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində effektli vasitəçilik edə bilmir. Rusiya isə həqiqətən bu münaqişəni tənzimləyə bilər. Məhz Rusiyanın Dağlıq Qarabağ münaqişəsini tənzimləmək gücündə olduğuna görə, Sərkisyan Rusiyanın təklifindən imtina etdi. Çünki Ermənistana Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi lazım deyil. Ən azı ötən bir il ərzində Ermənistanın Rusiya və ABŞ istiqamətindəki siyasətinin sadəcə statistikası bunu göstərir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənəcəyi təqdirdə, Ermənistan Rusiya ilə ABŞ arasında konfrontasiya yarada bilməyəcək. Ermənistanın əsas məqsədi Qərbə tərəf qaçmaqla Rusiyanı nüfuzdan salmaq, Qərblə Rusiya arasındakı yaratdığı konfrontasiyadan geosiyasi və maliyyə resursu əldə etməkdir".

Politoloq qeyd edib ki, ötən bir il ərzində Ermənistan prezidenti müxtəlif bəhanələrlə dəfələrlə Avropa, NATO və ABŞ müstəvisində keçirilən tədbirlərdə iştirak edərək Ermənistanın Qərbə inteqrasiyasının prioritet olduğunu bəyan edib: "NATO, ABŞ və Aİ rəsmiləri ilə Ermənistan rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib. Ermənistan KTMT-nın NATO ilə əməkdaşlığı dayandırmaq barədə qərarlarını rədd edib. Ermənistan NATO-nun hətta antirusiya təyinatlı hərbi təlimlərində iştirak edib. Ermənistan müdafiə naziri paradoksal addım atdı. Rusiya müdafiə nazirinin ölkə ərazisində keçirilən hərbi oyunlarda iştirak dəvətini rədd etdi. Birinci müavini Tonoyanı xüsusi missiya ilə ABŞ-a göndərdi. D.Tonoyan ABŞ-da Dağlıq Qarabağ münaqişəsini, Ermənistan-Türkiyə münasibətlərini və Ermənistanın təhlükəsizlik məsələlərini müzakirə etdi. Əslində, Ermənistanın siyasətində keyfiyyət dəyişikliyinin olduğunu sübut edən də məhz budur. Ermənistan üçün "təhlükəsizlik" anlayışı Dağlıq Qarabağ münaqişəsindən və Türkiyə ilə münasibətlərdən fərqlənməyə başlayıb. Ermənistan indi öz təhlükəsizliyinə daha böyük təhlükəni Dağlıq Qarabağ məsələsinin tənzimlənməmiş qalmasından, Türkiyə ilə münasibətlərdən deyil, Rusiya tərəfdən gözləyir. Ona görə Rusiya tərəfdən dəvəti rədd edən Ermənistan Müdafiə Nazirliyi ABŞ-dan təcili görüş istədi. ABŞ D.Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyətinə xüsusi şərait yaratdı".

Mərkəz rəhbəri vurğulayıb ki, ABŞ-ın Ermənistandakı səfiri R.Mills xeyli fəaldır: "ABŞ-dakı erməni təşkilatları təkcə ABŞ-da deyil, Ermənistan, Dağlıq Qarabağ və Yaxın Şərq regionu da daxil olmaqla xeyli aktivləşiblər. Ermənistan Voroton SES-i ABŞ-a satdı. Bu müqavilədən əldə etdiyi qazancın hesabına "Nairit" zavodunun işçilərinin əmək haqqı borcunu ödədi. Ötən bir il ərzində Ermənistan Rusiya münasibətlərində nisbi aktivlik qeydə alınsa da birtərəflidir. Rusiya Ermənistana 3-4 çox milyonlu kredit layihələri hədiyyə edib. Rusiya rəhbərliyi Ermənistana "Maydan hadisələri"nin olmaması ilə bağlı dəfələrlə xəbərdarlıq ünvanlayıb. Ermənistan tərəfdən Rusiyaya olan münasibət isə yalnız neqativdir. S.Sərkisyan Rusiya müstəvisində keçirilən tədbirlərdə ya İran-Ermənistan münasibətlərindən danışıb, ya da AİB-i ələ salmaq niyyəti ilə tərifləyib. Ermənistanın Rusiyaya münasibəti barədə isə konkret heç nə deməyib".

M.Əhmədoğlu sonra əlavə edib ki, Ermənistan hökuməti "2030-cu ilədək Ermənistanın enerji təhlükəsizliyi konsepsiyasında" Rusiyadan gələn qazın miqdarını azaltmaq, İrandan gələn qazın miqdarını artırmaqla bağlı tezisi təsdiq etdi: "Bu, Ermənistanın hakim elitasının təhtəlşüurunda Rusiyaya qarşı münasibətin göstəricisidir. Əgər RF bir il bundan əvvəl Ermənistan prezidenti S.Sərkisyan V.Putinin təklifini rədd etməsinə layiqli cavab versəydi, Ermənistan indi bu qədər antirusiya olmazdı. İndiki Ermənistan iri addımlarla ABŞ-a doğru irəliləyir. Ermənistan bunu şüurlu edir. ABŞ-ın regiondakı gücünə Ermənistan yaxşı bələddir. Bilirlər ki, ABŞ Gürcüstanı müdafiə edə bilmədi. Eləcə də, Ukrayna məsələsində də ABŞ-ın zəifliyini görürlər. Buna baxmayaraq, ermənilər ABŞ-a doğru irəliləyirlər. SSRİ-nin dağılmasında ermənilərin iştirakını etiraf edən, SSRİ-nin ermənilər üçün cəhənnəm olduğunu bəyan edən S.Sərkisyan fərqli siyasət apara bilməz. S.Sərkisyanın ən böyük gücü ermənilərin Rusiyanın daxilində yaratdığı rusları aldatmaq mexanizmidir. Bu mexanizm hələ də fəaliyyətdədir. Ona görə Qərb Rusiyaya qarşı özünü psixoloji baxımdan inamlı hesab edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti