...

Prezident İlham Əliyev: Manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 Dekabr 2015 15:09 (UTC +04:00)
Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir.
Prezident İlham Əliyev: Manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir. Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, ölkəmiz inkişaf edir, lakin neftin qiymətinin düşməsi Azərbaycanı gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə də təsir edib: "Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir. Yəni manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Biz il ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirik ki, neftin qiyməti sabitləşsin. Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəndə biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Hazırda neftin qiyməti 36 dollara düşüb".

Prezident vurğulayıb ki, ABŞ-da dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir: "Burada digər geosiyasi amillər də var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti il ərzində birdən-birə 3 dəfə düşsün".

İlham Əliyev hesab edir ki, bu, düşünülmüş siyasətdir, bu siyasətin də məqsədi heç kim üçün sirr deyil: "Sadəcə, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir. Buna baxmayaraq, biz çalışacağıq ki, bu vəziyyətin fəsadlarını minimuma endirək".

Dövlət başçısı qeyd edib ki, indiki vəziyyətdə hökumət qarşısında əsas vəzifə qoyulmuşdur ki, makroiqtisadi sabitlik təmin edilsin, inflyasiya normal səviyyədə olsun: "Bu ilin yekunlarına görə inflyasiya 4 faizdən azdır. Gələn il də biz çalışmalıyıq ki, bunu ən aşağı səviyyədə saxlayaq. Son illərdə biz yerli istehsala böyük əhəmiyyət vermişik, həm dövlət, həm özəl sektora vəsait ayırmışıq. Ərzaq məhsullarının böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Buna görə də Azərbaycanda istehsal olunan ərzaq məhsullarının qiymətləri sabit qalmalıdır. Tikinti materialları da həmçinin.

Son illər ərzində biz güclü tikinti sənayesi yaratmışıq və özümüzü əsas tikinti materialları ilə təmin edirik. Tikinti sektorunda da heç bir bahalaşmaya yol vermək olmaz. Azərbaycan özünü yanacaqla təmin edir. Bizdə yanacağın qiyməti dünya qiymətindən üç dəfə aşağıdır. Əgər benzinin, dizel yanacağının qiymətinə baxsanız görərsiniz ki, Qərb ölkələrindən üç dəfə aşağıdır. Ona görə bu sahədə də heç bir bahalaşmadan söhbət gedə bilməz. Şəhər nəqliyyatı tarifləri - metro, avtobus tarifləri bizdə çox aşağı səviyyədədir.

Yəni, biz maksimum dərəcədə çalışacağıq ki, bu qaçılmaz qərarın mənfi təsirlərini azaldaq, ilk növbədə, islahatların dərinləşməsi hesabına. İnzibati tədbirlər görülür və görüləcək. Süni bahalaşmaya yol verənlərə qarşı çox ciddi tədbirlər görüləcək, cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin, möhtəkirliklə məşğul olmasın. Əgər belə faktlar olarsa, çox ciddi tədbirlər görüləcək və bu vəziyyətdən sui-istifadə etmək istəyənlər peşman olacaqlar".

Prezident İlham Əliyev iqtisadi amillərin, islahatlarla bağlı amillərin də mühüm rol oynayacağını qeyd edib: "Artıq mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır ki, biz biznes mühitini daha da yaxşılaşdıraq, lazımsız yoxlamaları aradan götürək. Lisenziyalarla bağlı çox ciddi qərarlar qəbul edilmişdir. Ümumiyyətlə, iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət - bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə, gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir. Mən bu məsələlərlə bağlı bir neçə dəfə Nazirlər Kabinetinin toplantısında çıxış etmişəm. Öz çıxışlarımda bildirmişəm ki, Azərbaycanda maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır".

Azərbaycan Prezidenti uğurların da göz qabağında olduğunu bildirib: "Baxın, Dövlət Neft Fondu artıq 15 ildən çoxdur ki, fəaliyyət göstərir. Dünyanın ən şəffaf, ən səmərəli işləyən suveren fondlarından biridir. Gəlirlər bəllidir, xərclər bəllidir, beynəlxalq audit keçirilir. Azərbaycan xalqı da, bütün dünya da bunu bilir. Dünyanın mötəbər maliyyə qurumları Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirirlər. İki il bundan əvvəl "ASAN xidmət" yaradıldı. Yeddi milyon insan "ASAN xidmət"in imkanlarından istifadə etdi. İndi Azərbaycan vətəndaşları fərqi görürlər, orada bütün işlər şəffaf təşkil edilir, heç bir korrupsiyaya, rüşvətxorluğa yol verilmir, mədəni xidmət göstərilir. Ona görə, biz bu sahəni inkişaf etdiririk. İndi bölgələrdə iki yeni mərkəz yaradılır. Onların sayı 10-dan çox olacaqdır. On səyyar avtobus fəaliyyət göstərir. Yəni, bunu etmək mümkündür. Sadəcə olaraq, işlər düzgün təşkil edilməlidir. Önəmli qurumların başında dayanan insanlar vicdanla işləməlidirlər, öz cibini doldurmaq üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar və ciddi nəzarət olmalıdır - dövlət nəzarəti və ictimai nəzarət.

Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq. Əgər buna nail olsaq, onda neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək".

"Mən bir dəfə demişəm, biz elə iqtisadi sistem və idarəetmə sistemi yaratmalıyıq ki, neftin qiymətindən asılı olmayaq. Əgər biz asılı olsaq, hər zaman bax, bu xoşagəlməz vəziyyətlə üzləşə bilərik. Hansısa siyasi maraqlar üzündən neftin qiyməti düşür, qalxır, Azərbaycan isə əziyyət çəkir. Nə üçün? Biz güclü iqtisadiyyat qururuq. Bu gün iqtisadi sahədə apardığımız siyasət doğrudan da dünya miqyasında təqdirlə qarşılanır. Bütün aparıcı beynəlxalq maliyyə qurumları - Dünya Bankı, Avropa Bankı, Beynəlxalq Valyuta Fondu bunu qeyd edirlər və iqtisadi sahədə apardığımız siyasəti dəstəkləyirlər.

İndi manatın məzənnəsinin dəyişdirilməsi ilə bağlı mötəbər beynəlxalq maliyyə qurumlarından belə reaksiya gəlir ki, Azərbaycan hökuməti bunu çoxdan etməli idi. Biz də bununla razıyıq. Çoxdan etməli idik, amma etmək istəmirdik. Etmək istəmirdik, çünki bilirdik ki, bunun mənfi fəsadları olacaq. Maksimum çalışırdıq ki, bunu etməyək. Bir daha demək istəyirəm ki, əgər neftin qiyməti 50 dollar səviyyəsində qalsaydı, sabitləşsəydi, biz bunu etməyəcəkdik. Ancaq biz real dünyada yaşayırıq. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və dünyada, bölgədə yaşanan hadisələr, böhranlar bizə də təsir edir. İndi baxın, yaşadığımız bölgədə qanlı toqquşmalar, müharibələr, iqtisadi böhranlar, maliyyə böhranları, ölkələr arasındakı gərginliyin artması - bütün bunlar bizim qonşuluğumuzda baş verir. İstər-istəməz bizim siyasətimizə də, iqtisadi inkişafımıza da təsir edir. Bölgədə proseslərin hamısı mənfi istiqamətdə gedir. 2015-ci ildə bizim bölgəmizdə bir dənə də olsun müsbət istiqamətdə gedən proses olmamışdır. Belə vəziyyətdə biz ölkəmizi qabağa aparırıq, Azərbaycan xalqının təhlükəsizliyini təmin edirik, Azərbaycana mümkün olan riskləri azaldırıq, o cümlədən geosiyasi, hərbi riskləri azaldırıq ki, Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində, rifah içində yaşasın. Əsas vəzifəmiz bundan ibarətdir".

Dövlət başçısı qeyd edib ki, 2016-cı ildə dünyada nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir: "Əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda siyasi və iqtisadi proseslər müsbət istiqamətdə getsin. Azərbaycan bölgənin sabit ölkəsi kimi öz yolu ilə getsin, bizim qarşımızda duran iqtisadi məsələlər öz həllini tapsın. Mən buna şübhə etmirəm. Mən ümid edirəm ki, neftin qiyməti bu cür aşağı səviyyədə çox qala bilməz, qalxacaq və qalxdıqca manatın məzənnəsi də qalxmalıdır. Ancaq bir daha demək istəyirəm ki, biz bu amili kənara qoymalıyıq. İqtisadi liberallaşma, azad, sağlam rəqabət, xoşagəlməz halların aradan götürülməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizənin aparılması, iqtisadi islahatlar - bax, budur bizim yolumuz. Biz bu yolla gedirik, amma daha da sürətlə getməliyik və gedəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedəcək.

Bu böhranlı illərdə Azərbaycan ən dinamik inkişaf templərini göstərmişdir. Ən sabit ölkə Azərbaycandır. İqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır. Biz öz yolumuzla gedəcəyik. Çalışacağıq ki, 2016-cı ildə ölkə qarşısında duran əsas vəzifələr icra edilsin, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşasın və yaşayacaqdır. Aparacağımız islahatlar sayəsində biz daha da yaxşı nəticələr əldə edəcəyik.

Əlbəttə ki, idmançılara 2016-cı ildə uğurlar arzulayıram. 2016-cı ildə Yay Olimpiya Oyunları keçiriləcəkdir. Artıq 30-a yaxın lisenziya da qazanmışıq. Əminəm ki, idmançılarımız bizi sevindirəcək, Azərbaycan bayrağını həmişə uca tutacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti