Bakı. Trend:
Azərbaycanın İspaniya Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə İspaniyada fəaliyyət göstərən diplomatik qurumların və xarici təşkilatların nümayəndələri, ispan tələbələr, hökumət nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar və iş adamları iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Azərbaycanın İspaniyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov 20 Yanvar faciəsi haqqında məlumat verib və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışıb. H.Zeynalov vurğulayıb ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bu tarix ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. 140-a yaxın dinc vətəndaşın sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilmədi, əksinə, onun azadlıq arzusunu daha da alovlandırdı.
Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən sənədli film, fotolar nümayiş etdirilib, ispan dilində hazırlanmış bukletlər paylanıb.