...

İtaliya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib (FOTO)

Siyasət Materials 28 Yanvar 2016 14:42
Yanvarın 27-də İtaliyanın prezidenti Sergio Mattarella Prezident Sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzin nümayəndə heyətini qəbul edib.
İtaliya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Yanvarın 27-də İtaliyanın prezidenti Sergio Mattarella Prezident Sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzin nümayəndə heyətini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qəbul mərasimi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan "Dinlərarası Dialoq Yolu ilə Radikallaşma və Ekstremizmə Cavab" mövzusunda Yüksək Səviyyəli Hazırlıq Görüşü çərçivəsində baş tutub.

Qəbulda iştirak edənlər sırasında Bolqarıstanın Prezidenti Rosen Plevneliyev, Makedoniyanın Prezidenti Giorge İvanov, İSESKO-nun Baş direktoru Əbdüləziz Əl-Tuveyrci, İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya,Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri yer alıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da qəbulda iştirak edib.

Mərasimdə nitq söyləyən İtaliya Prezidenti Sergio Mattarella müasir dünyada anti-tolerantlıq, zorakılıq, fərqlilərə qarşı nifrətə yer olmadığını qeyd edərək, daha yaxşı dünya üçün bu kimi qlobal problemlərin aradan qaldırılmasının zəruri olduğunu bildirib.

Prezident Orta Şərqdə, Afrikanın bəzi ölkələrində dağıntılara, Avropanın bəzi şəhərlərində ölümlərə səbəb olan bu problemlərə qarşı mümkün olan bütün yollarla mübarizə aparmağın vacibliyini vurğulayıb. "Dinlərarası dialoq və hörmət birgə yaşayışın mühüm elementidir. Terrorizm həm də sivilizasiyalar alyansına ziddir" - deyə İtaliya Prezidenti bildirib.

Prezident sonda öz çıxışını dahi Azərbaycan şairi Nizami Gəncəvinin misraları ilə bitirib.

Latviyanın sabiq prezidenti VayraVike-Frayberqa öz çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əhəmiyyətini vurğulayaraq bildirib ki, Mərkəz fəaliyyətində münaqişələrin qarşısının alınması və dinlərarası dialoqların təşkilinə böyük önəm verir. Dini fanatizmin tarixən səbəb olduğu münaqişələrdən, müxtəlif dini cərəyanların nümayəndələrinin dindən müharibə vasitəsi kim istifadə etməsindən danışan xanım Frayberqa ekstremist baxışlı siyasi və dini fanatiklərin sivil cəmiyyətlərin düşmənləri olduğunu qeyd edib.

NGBM-in həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Sərageldin dünyada mövcud aktual məsələlərin müzakirəsi üçün bu görüşün yüksək əhəmiyyətə malik olduğunu bildirib.Səragəldin Avropanı bürüyən qaçqın böhranı məsələsinə toxunub və bu sahədə kompleks tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. O, bu sahədə müxtəlif konfessiyaların humanizm prinsiplərindən çıxış edərək qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməli olduqlarını diqqətə çatdırıb.

İtaliyanın sabiq xarici İşlər naziri Franko Frattini isə nifrət və zorakılığa qarşı "İnsanlıq Paktının" mümkün qədər tez imzalanmasınının labüdlüyünü bildirib. "Mədəniyyətlər arası dialoq və tolerantlıq düşmənçiliyin qarşısını ala biləcək yeganə qayadır" deyə sabiq Xarici İşlər naziri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti