Bakı. Trend:
Azərbaycan əhalisi indiki Ermənistan ərazisinə qayıdacaq. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib: "Gənclər kimi bunu bilməlisiniz ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmaqdır, o cümlədən Azərbaycan əhalisi indiki Ermənistan ərazisinə qayıtmalıdır və qayıdacaq. Əlbəttə ki, bu, zaman aparacaq. Ancaq bu bizim müqəddəs amalımızdır, bu amalla hamımız yaşamalıyıq və əminəm ki, bu gün Azərbaycanın uğurlu inkişafı, eyni zamanda əhalimizin artması buna gətirib çıxaracaq. Biz hər gün öz işimizlə bu günü yaxınlaşdırmalıyıq".
Azərbaycan Prezidenti vurğulayıb ki, biz bu gün güclü dövlət qururuq, o dövlət ki, dünya miqyasında böyük hörmətə malikdir: "Və biz çalışmalıyıq və çalışırıq ki, bizim inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün sadəcə olaraq güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Və siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz, ölkəmizin taleyi sizdən asılı olacaq. Ona görə də sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz ölkəmiz üçün gələcəkdə həlledici olacaq".
İlham Əliyev qeyd edib ki, gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində fəal rol oynayırlar: "Mən həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Çox önəmlidir ki, gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq".