Bakı. Trend:
Fransanın “Opinon Way” Tədqiqatlar İnstitutu Azərbaycanda referendum öncəsi mühitin qiymətləndirilməsi məqsədilə ölkə əhalisi arasında rəy sorğusu keçirib.
Trend-in məlumatına görə, sorğu müddətində Azərbaycanın bütün ərazisini əhatə etməklə kvotalı təsadüfi seçmə metodologiyası əsasında müəyyənləşdirilmiş 1200 respondentlə üzbəüz müsahibə aparılıb.
Tədqiqat məqsədləri üçün 3 blokda qruplaşdırılmış 12 sualdan ibarət sorğu anketindən istifadə edilib ki, bu suallar respondentin sosial-demoqrafik göstəriciləri, ölkədə mövcud siyasi-iqtisadi vəziyyət haqqında baxışları və qarşıdan gələn referenduma çıxarılacaq məsələlərə münasibətini öyrənməyə istiqamətlənib.
Tədqiqat müddətində rəyi soruşulanların 82%-i Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən razı olduqlarını bildirib və respondentlərin 93%-i hazırda Azərbaycanda həyata keçirilən işlərin düzgün istiqamətdə aparıldığı qənaətindədirlər.
Sorğuda iştirak edənlərin 96%-i Prezident kimi İlham Əliyevin öz vəzifəsini uğurla icra etdiyini göstəriblər.
Respublikamızda bir sıra problemlərin mövcud olduğu fikrində olan respondentlər ən vacib problemlər kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini (77%) və iqtisadi durumla bağlı çətinliyi (41%) qeyd ediblər.
Rəyi öyrənilən respondentlərin 81%-i sentyabrın 26-da keçiriləcək referendumda iştirak edəcəklərini göstəriblər. Yalnız bütün respondentlərin 5%-i hələ də səsvermə prosesinə qatılmaq barəsində yekun qərar vermədiklərini bildiriblər.
Bütün respondentlərin 87%-i Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ümumilikdə zəruri olduğunu qeyd edib. Konstitusiyaya təklif edilən bu və ya digər əlavə və dəyişikliklər nəticəsində müvafiq sahələrin inkişafına təsirinə gəlincə, respondentlərin 88%-i bu təsirin müsbət olacağı qənaətindədirlər. Xüsusən də rəyi öyrənilənlər təhlükəsizliyin və müdafiənin təmin edilməsi və insan hüquqları və azadlıqlarının konstitusion təminatları ilə bağlı təkliflərin bu sahələrdə gələcək inkişafa stimul verəcəyini düşünürlər.