...

Erməni alimin provokasiyasının qarşısı alındı

Siyasət Materials 3 Oktyabr 2016 15:19 (UTC +04:00)
Erməni alimin provokasiyasının qarşısı alınıb
Erməni alimin provokasiyasının qarşısı alındı

Trend-i buradan izləyin

Bakı. Trend:

Sankt-Peterburqda konfrans zamanı erməni alimin provokasiyasının qarşısı alınıb.

AMEA-dan Trend-ə verilən məlumata görə, sentyabrın 26-dan 29-dək Sankt-Peterburqda Dövlət Ermitajında II Beynəlxalq “ICON II” konfransı keçirilib.

Şərq numizmatikası mövzusuna həsr olunan II Beynəlxalq “ICON II” konfransında Azərbaycan alimləri də məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində Aleksandr Akopyanın “1747-1827-ci illərdə Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Gəncə və Qarabağ) zərbxana işi” mövzusunda təhrikçi xarakterli məruzə ilə çıxış etməsi nəzərdə tutulurdu. Erməni tərəfin növbəti dəfə Azərbaycanın tarixi dəyərlərini və mədəni irsini mənimsəmək cəhdləri geniş rezonans doğurub və ictimaiyyətin haqlı narazılığına səbəb olub.

Konfransın əhəmiyyəti və tədbirdə Azərbaycan alimlərinin iştirakının aktuallığı nəzərə alınaraq, AMEA və Azərbaycanın Rusiyadakı səfirliyi ilə yanaşı, ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğu da Dövlət Ermitajının direktoru Mixail Piotrovskiyə məktub göndərərək Azərbaycan alimlərinin akkreditasiyasına kömək göstərilməsini xahiş edib.

Həmin konfransa Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor Əli Rəcəbli və Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, dosent Rizvan Hüseynovdan ibarət AMEA-nın nümayəndə heyətini göndərmək qərara alınıb.

Azərbaycanlı alimlər ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunda bu diplomatik missiyanın rəhbəri Sultan Qasımovla görüşüblər. Görüşdə AMEA nümayəndələrinin konfransda iştirakı və çıxışı ilə bağlı məsələlər müzakirə edilib.

Dövlət Ermitajının direktoru M.Piotrovski beynəlxalq konfransın açılış günündə azərbaycanlı alimləri qəbul edib və Azərbaycanın bu tədbirdə təmsil olunmasından məmnunluğunu bildirib. M.Piotrovski numizmatikanın və digər elmi fənlərin inkişafına Azərbaycan alimlərinin töhfəsini yüksək qiymətləndirərək Ermitaj ilə Azərbaycanın elmi dairələri arasında əməkdaşlığı genişləndirməyin zəruri olmasını vurğulayıb. Konfransın iclaslarının birinə professor Əli Rəcəbli rəhbərlik edib. Azərbaycan nümayəndə heyətinin təkidi ilə erməni professor A.Akopyanın məruzəsinin ilkin adı tədbirin proqramından çıxarılıb, məruzənin mətninə dəyişikliklər olunub, “Şərqi Ermənistan” sözləri və onunla bağlı ifadələr mətndən ixtisar edilib.

Konfransın son günündə professor Ə.Rəcəbli “XVIII-XIX əsrlərdə Azərbaycan xanlıqlarında zərbxana işi və pul dövriyyəsi” adlı məruzə ilə çıxış edib. Azərbaycan aliminin çıxışı konfransın gedişində əsaslı dəyişikliyə səbəb olub və beynəlxalq konfrans çərçivəsində ermənilərin növbəti yalanını yaymaq cəhdinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti