...

Vyetnamda Azərbaycanla bağlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 7 Noyabr 2016 16:31 (UTC +04:00)
Noyabrın 6-da Hanoy şəhərində Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 24 illiyi və Vyetnam-Azərbaycan Dostluq Təşkilatının təsis olunmasının bir illiyi münasibətilə tədbir keçirilib.
Vyetnamda Azərbaycanla bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 6-da Hanoy şəhərində Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 24 illiyi və Vyetnam-Azərbaycan Dostluq Təşkilatının təsis olunmasının bir illiyi münasibətilə tədbir keçirilib.

Azərbaycanın Vyetnamdakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın ali təhsil ocaqlarında təhsil almış, hazırda Vyetnamın müxtəlif dövlət və özəl qurumlarında çalışan məzunlar iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Vyetnam-Azərbaycan Dostluq Təşkilatının Sədri, Vyetnam Parlamentinin Deputatı, Vyetnamın Elm və Texnologiya Asossiasiyaları Birliyinin Vitse-prezidenti Nghiem Vu Khai təşkilatın bir illik fəaliyyəti barədə hesabat verib və növbəti il üçün fəaliyyət planını açıqlayıb. Nghiem Vu Khai, ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətləri ilə yanaşı, ümumilikdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, Azərbaycanda təhsil almış Vyetnamlı məzunları çalışdıqları sahələr üzrə ikitərəfli əməkdaşlığın inkişafında daha fəal olmağa və səylərini əsirgəməməyə çağırıb.

Tədbirdə çıxış edən səfir Anar İmanov, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının təsis olunmasının bir ili tamam olması münasibətilə təşkilatın üzvlərini təbrik edib. Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 24 illiyinə toxunan səfir, xalqlarımız arasında dostluq əlaqələrinin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vyetnamın keçmiş Prezidenti Ho Chi Minh tərəfindən qoyulduğunu qeyd edib. Son illər iki ölkə arasında əməkdaşlığın aktivləşdiyini vurğulayan səfir, Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama və Vyetnamın keçmiş Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin bütün spektri üzrə inkişaf etdirilməsi üçün zəmin yaratdığını bildirib.

Səfir 2013-cü ildə Azərbaycanın Vyetnamda Səfirliyinin açılmasından etibarən hər zaman vyetnamlı məzunların dost münasibətinin şahidi olduğunu vurğulayıb. Səfir uzun illər keçməsinə baxmayaraq vyetnamlı məzunların ölkəmizə bağlılığını yüksək qiymətləndirib, səfirlik tərəfindən keçirilən tədbirlərdə böyük maraqla və fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib. A. İmanov, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının, eləcə də məzunların iki ölkə arasında əməkdaşlığı inkişaf etdirilməsi üçün irəli sürdüyü təkliflərə səfirliyin hər zaman dəstək verməyə hazır olduğunu vurğulayıb. Çıxışının sonunda səfir təşkilat üzvlərini bir daha təbrik edib və təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə iştirak edən məzunlar Azərbaycanla bağlı öz xatirələrini bölüşüb, Bakıda təhsil aldıqları illərdə çəkdirdikləri şəkillərdən ibarət video çarx nümayiş etdirilib, məzunların ifasında konsert proqramı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti