Bakı. Trend:
Görülmüş tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Tərtər rayonu istiqamətində yerləşən bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsini planlaşdırdıqları barədə dəqiq məlumat əldə edilib.
Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, görülən effektiv və önləyici tədbirlər nəticəsində düşmənin bu planı vaxtında aşkar olunub.
Müdafiə Nazirliyi bildirir ki, bütün cəbhə boyu əməliyyat şəraiti və ümumilikdə vəziyyət daim nəzarətimiz altındadır. Eyni zamanda xəbərdar edirik ki, düşmənin gələcəkdə də bu cür fəaliyyətinin qarşısı daha sərt şəkildə alınacaqdır. Görüləcək cavab tədbirləri amansız olacaq və qarşı tərəfin verəcəyi böyük itkilərə görə bütün məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşəcəkdir.