Bakı. İlhamə İsabalayeva - Trend:
İyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələrinin növbəti təxribatı nəticəsində azyaşlı Zəhra Quliyeva və Sahibə Quliyevanın qətlə yetirilməsi qəti şəkildə pislənilməlidir.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclasında çıxış edən YAP-ın Sədr müavini –icra katibi, Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov qeyd edib ki, insanlığa yaraşmayan bu hərəkət erməni terrorçularının uşaq qatili olduğunu bir daha sübuta yetirmişdir. Ermənistanın işğalçı hərbi birləşmələri tərəfindən təmas xəttinə yaxın ərazilərin atəşə tutulması, dinc əhalinin qətlə yetirilməsi Ermənistanın dövlət siyasətinə çevrilmişdir: "Bu vəhşilik bir daha göstərir ki, erməni təcavüzünün qarşısının alınmaması, beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin biganəliyi erməni terroristlərinin əl-qolunu açır və mahiyyət etibarı ilə dinc insanların vəhşicəsinə qətlə yetirilməsinə rəvac verir".
İdarə Heyətinin iclasında qərara alınmışdır ki, Yeni Azərbaycan Partiyası əməkdaşlıq etdiyi partiyalara, parlamentarilərə müraciət edərək erməni silahlı birləşmələrinin növbəti vəhşiliyini və bu uşaq qatillərinin əməllərini pisləməyə səsləsin.