...

Diplomatik uğur və ya xarici siyasi qələbə

Siyasət Materials 13 Dekabr 2017 20:17 (UTC +04:00)
Avropa Parlamenti illik "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik haqqında qətnaməsi"ni qəbul edib.
Diplomatik uğur və ya xarici siyasi qələbə

Nigar Quliyeva - Trend:

Avropa Parlamenti illik "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik haqqında qətnaməsi"ni qəbul edib.

Sənəd Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu ilk dəfə təsdiqləyir.

Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib (408 lehinə, 132 əleyhinə).

Bu sənəd Avropa İttifaqının Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü ilə bağlı münaqişələrə münasibətinə dair prinsipial əhəmiyyətə malikdir.

Birincisi, Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə dəstəyə sadiqlik ilk dəfə bütün bu dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində göstərilir. Bundan əvvəl belə konkretlik yalnız Ukraynaya münasibətdə nümayiş etdirilib. Erməni lobbisinin bu bəndi yalnız Ukraynaya “bağlamaq” cəhdləri Avropa Parlamentində elə bir səs çoxluğu ilə uğursuzluğa düçar oldu ki, hətta səsləri saymağa ehtiyac qalmadı.

İkincisi, ilk dəfə bu sadiqlik Avropa İttifaqının öhdəlikləri qismində ifadə olunub.

Üçüncüsü, ilk dəfə bu şərh ümumi planda deyil, Şərq Tərəfdaşlığı ölkələrində yer almış bütün münaqişələrin nizamlanması kontekstində istifadə olundu.

Dördüncüsü, bu qətnamələrin mahiyyətinin istifadə olunmasına olan məcburilik erməni lobbisinin Avropa Parlamentinin tövsiyə xarakteri daşıyan sənədlərində öz maraqlarının təsbit edilməsi üzrə bütün əvvəlki cəhdlərini praktiki olaraq heçə endirir. Belə ki, “ermənisayaq” şərh oluna bilən xülasələr BMT Baş Assambleyasının 72-ci sessiyasının və Brüsseldə Şərq Tərəfdaşlığı sammitinin işində Aİ-nin iştirakı üçün gündəliyin hazırlanması zamanı Avropa Parlamentinin Avropa İttifaqının Xarici əlaqələr xidmətinə təqdim edilmiş rəylərində əks olunub.

Yeri gəlmişkən, bu xülasələrdən heç biri nə BMT Baş Assambleyası, nə də sammit üçün sənədlərin hazırlanması zamanı nəzərə alınmadı.

Dekabrın 13-də Avropa Parlamentinin sonuncu qətnaməsi noyabrın 24-də Brüsseldə keçirilmiş və Prezident İlham Əliyevin Azərbaycanın diplomatik uğuru adlandırdığı Şərq Tərəfdaşlığı sammitinin birgə bəyannaməsində qeydə alınan prosesin məntiqi davamıdır.

Avropa İttifaqının xarici siyasətində bu dəyişikliyi anlamaq üçün bir neçə il bundan əvvəl Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinə yanaşmada digər münaqişələrlə müqayisədə fərqli prinsiplərdən istifadə edərək hətta Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan (dəstəkdən söhbət gedə bilməz) qəti şəkildə imtina etdiyini başa düşmək lazımdır.

...2011-ci il, Brüssel. Avropa Komissiyasının o vaxtkı prezidenti J.M.Barrozu Cənubi Qafqaz ölkələrinə səfərindən qayıdan kimi Bakıda ictimai çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı işlətdiyi sözlərdən imtina (!) edir...

...2013-cü il, Brüssel. Prezident İlham Əliyevin Avropa İttifaqına səfəri zamanı Avropa Komissiyası yekun birgə bəyannamənin imzalanmasını Avropa İttifaqının məmurlar komandasının həmin sənəddə tərəflərin ərazi bütövlüyünə qarşılıqlı dəstəyi qeyd etməkdən imtina etməsinə görə dayandırır. Buna və Aİ-nin digər qeyri-səmimi fəaliyyətlərinə cavab olaraq Azərbaycan Avropa İttifaqı ilə assosiasiya sazişi üzrə danışıqların, Şuranın, Komitənin və Aİ ilə ikitərəfli əməkdaşlıq üzrə sektor alt komitələrinin illik iclaslarında iştirakın dayandırılması haqqında qərar qəbul edir...

...2015-ci ilin may ayı, Şərq Tərəfdaşlığının Riqa sammiti. Azərbaycan üçün əvvəlki komandadan “miras” qalan “ikili standartlar” siyasəti ölkəmizlə Avropa İttifaqının yeni liderləri arasındakı münasibətləri “zəhərləməkdə” davam edir. Belə ki, 28 Aİ dovlətinin və 6 Şərq Tərəfdaşlığı ölkəsinin birgə bəyannaməsində Azərbaycanın etirazlarına baxmayaraq, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələri Ermənistan-Azərbaycan münaqişəsindən fərqli dəyərləndirən terminologiya istifadə olunur. Bu vəziyyətdə Prezident İlham Əliyev Aİ ilə Azərbaycan arasındakı münasibətlərdə mənfi trendi radikal şəkildə dəyişdirən prinsipial qərar qəbul edir. O, sammitdə iştirakdan imtina edir və Azəbaycan nümayəndə heyətinə bütün üzv-ölkələrin konsensusu ilə qəbul olunacaq birgə bəyanata qarşı səs verməyi tapşırır. Aİ-dəki mənbələrdən bizə məlum olub ki, Azərbaycan nümayəndə heyəti birgə bəyannamə üzrə konsensusu dəstəkləməkdən imtina etdikdən sonra, bununla bağlı elan olunmuş fasilədə Aİ Şurasının prezidenti Donald Tuskun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı keçirilib. Yalnız bundan sonra Azərbaycan öz nümayəndə heyətinin birgə bəyannamənin tərkib hissəsi kimi qəbul olunmuş qeydini nəzərə almaqla konsensusa razılıq verdi.

Riqa sammitində baş verənlərin əhəmiyyətini qiymətləndirmək çətindir. Prezident İlham Əliyevin aydın mövqeyi nümayiş etdirdi ki, Azərbaycan yalnız Avropa İttifaqı ilə sırf iqtisadi gündəlik üzrə ikitərəfli əməkdaşlığı məhdudlaşdırmağı deyil, həm də Aİ-nin Şərq Tərəfdaşlığı kimi mühüm çoxtərəfli layihəsindən çıxa bilər. Bu isə həmin layihəni asiyalı qonşularla qarşılıqlı fəaliyyətin təşkil olunmasında hər hansı bir siyasi verimlilik olmadan, istənilən çoxtərəfli proseslərin vacib elementləri olan infrastruktur, nəqliyyat, enerji və iqtisadiyyat kimi elementlər olmadan sırf Avropa İttifaqının donor funksiyasını yerinə yetirən formal substansiyaya çevirə bilər.

Avropa İttifaqının işğalçı ölkəyə etdiyi reveransların qiyməti çox yüksək oldu... Məhz bu, demək olar ki Riqa sammitindən bir ay sonra, 2015-ci ilin iyulunda Aİ Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərini şərtləndirdi. O, Bakıda Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə dəstəklənməsi və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri əsasında həll olunmasının vacibliyi haqqında rəsmi bəyanatla çıxış etdi. 2016-cı ilin fevralında bu dəstək F.Mogerininin Bakıya səfəri zamanı təkrar səsləndirildi. Onun təkidi ilə “Aİ ölkələrinin və onun qonşularının ərazi bütövlüyünün sərhədlərin toxunulmazlığı prinsipinə əməl etməklə dəstəklənməsi” haqqında tezis 2016-cı ilin iyulunda Avropa İttifaqının sammitində qəbul olunmuş və Aİ-nin bu sahədə aparıcı sənədinə çevrilmiş “Xarici siyasət və təhlükəsizlik üzrə qlobal strategiya” doktrinal sənədinə daxil edildi. D.Tusk Prezident İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfəri zamanı Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə bir daha rəsmi bəyanat verdi. Bu mövqe Aİ-nin tərəfdaş ölkələrdəki bütün münaqişələrin həllinə vahid yanaşması ilə bərabər, 2017-ci ilin noyabrında Şərq Tərəfdaşlığının Brüssel sammitində bir daha təsdiq edildi.

Bu gün üçün bu məsələdə son nöqtəni cari ilin dekabr ayının 13-də Azərbaycana nadir hallarda rəğbət bəsləyən, amma yenə də Avropa İttifaqının Şərq Tərəfdaşlığının bütün ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi üzrə Aİ-nin öhdəliklərinin dəqiq vurğulandığı “Xarici siyasət və təhlükəsizlik haqqında qətnamə” qəbul etmiş Avropa Parlamenti qoydu.

Bu prinsipin Avropa İttifaqının həm icra, həm də parlament institutlarının doktrinal sənədlərində, eləcə də dövlət və hökumət başçılarının çoxtərəfli bəyanatlarında təsbiti göz qabağındadır. Bundan əlavə, Aİ Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan ərazilərindəki münaqişələrin həllinə onları “özününkülərə” və “özgələrə” bölmədən, “ikili standartlar” siyasəti tətbiq etmədən vahid yanaşmanı aydın nümayiş etdirdi.

Uzun-uzadı danışmaq olar ki, həyat özü avropalıları bu məsələlərə yanaşmanı təkrar nəzərdən keçirməyə vadar etdi. Kataloniya və Krım məsələləri Barselonadakı hadisələrdən uzun müddət əvvəl başlamış prosesi sadəcə olaraq möhkəmləndirdi. Elə isə Avropa İttifaqına “öz” İspaniyasında, “assosiativ” Ukrayna, Gürcüstan və Moldovada, eləcə də “özgə” Azərbaycanda münaqişələrin nizamlanmasına yanaşmaların differensiallaşdırılması siyasətini davam etdirməyə nə mane oldu? Daha doğrusu, kim mane oldu? Cavab aydındır. Prezident İlham Əliyevin Brüsseldə təvazökarlıqla “diplomatik uğur” adlandırdığı amil əslində onun dünya siyasətindəki tendensiyaları öncədən görməsi, ölkənin Avropa layihələrindəki rolu və potensialının düzgün qiymətləndirməsi, təmkini və peşəkarlığı, eləcə də yaranan vəziyyətdən milli maraqlar naminə maksimal dərəcədə səmərəli istifadə etmək bacarığı nəticəsində əldə etdiyi xarici siyasi qələbədir.

Prezident İlham Əliyev nəinki avropalılarda öz xalqına qarşı hörmət aşılamağı, eləcə də onları Azərbaycanın mövqeyinin düzgünlüyünə inandırmağı bacardı. Ümumiyyətlə, dövlət başçısı tərəfdaş ölkələrin ərazi bütövlüyünün sərhədlərin toxunulmazlığı prinsipi əsasında dəstəklənməsi və bütün Şərq Tərəfdaşlığı ölkələrində münaqişələrin nizamlanmasına vahid yanaşmanın tətbiq olunması kimi Avropa siyasətində Azərbaycan üçün keyfiyyətcə yeni və strateji vacib siyasi trendin müəllifidir.

Erməni lobbisinin gələcəkdə bu trendi nüfuzdan salmaq üçün sporadik cəhdləri istisna olunmur, amma bunlar çətin ki hər hansı bir mühüm effekt versin. Ermənistanın Azərbaycana qarşı təcavüzünə haqq qazandırmaq üçün Avropa İttifaqının və Şərq Tərəfdaşlığının institusional platformalarının istifadəsi üçün imkanlar çox məhdud olacaq.

Bu, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin gələcəyinə əminlik verir. İlk növbədə, Aİ-nin Azərbaycanın ərazi bütövlüyünün sərhədlərin toxunulmazlığı prinsipi əsasında dəstəkləməsi prosesinin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında yeni sazişdə möhkəmləndiriləcəyinə əminlik yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti