...

Elmar Məmmədyarov: Azərbaycan və Hindistan arasında əlaqələr tarixi və ənənəvi xarakterə malikdir

Siyasət Materials 5 Aprel 2018 15:05 (UTC +04:00)
Azərbaycan və Hindistan arasında əlaqələr tarixi və ənənəvi xarakterə malikdir.
Elmar Məmmədyarov: Azərbaycan və Hindistan arasında əlaqələr tarixi və ənənəvi xarakterə malikdir

Bakı. Trend:

Azərbaycan və Hindistan arasında əlaqələr tarixi və ənənəvi xarakterə malikdir. Keçən əsrin əvvəllərinədək Hindistandan olan zəvvarlar və tacirlər Azərbaycana gələrək, Atəşgahı ziyarət edirdilər.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Hindistan xarici işlər naziri Suşma Svarajla birgə mətbuat konfransı zamanı deyib.

E.Məmmədyarov məlumat verib ki, bu gün xanım nazir Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib. Sabah isə S.Svaraj Bakıda keçirilən Qoşulmama Hərəkatının Nazirlər Toplantısında iştirak edəcək. Xanım nazirin səfər proqramına həmçinin Atəşgah ziyarətgah kompleksi ilə tanışlıq da daxildir.

Daha sonra E.Məmmədyarov Hindistanlı həmkarı ilə keçirdiyi təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş geniştərkibli görüşlərdən danışıb:

"Bu görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, ticarət, elm, turizm, əczaçılıq kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdik. İkitərəfli Müştərək Komissiyanın iclasının bu ilin may ayında keçirilməsi ilə bağlı Hindistan tərəfinin təklifinə razılığımızı bildirdik. Bu gün həmçinin “Azərbaycan hökuməti ilə Hindistan hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş” və “ADA Universiteti ilə Hindistanın Xarici Xidmət İnsititutu arasında diplomatik sahədə təlim-tədris üzrə əməkdaşlıq sənədi” imzalandı".

Azərbaycan XİN rəhbəri daha sonra enerji sahəsində ölkələr arasında əməkdaşlıqdan danışıb: "Hindistan şirkətləri “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsində iştirak etmişdir. Şimal-Cənub və Cənub-Qərb nəqliyyat marşrutları Hind Okeanı ilə Atlantik Okeanını dəmir-yolu ilə daha qısa müddət ərzində birləşdirmək potensialına malikdir. Xanım nazir Hindistanın bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirmişdir".

Nazirlər həmçinin informasiya texnologiyaları sahəsində əməkdaşlıq və mütəxəssislərin hazırlanması, Hindistan şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna sərmayələr qoyması məsələsini müzakirə ediblər.

E.Məmmədyarov qeyd edib ki, iqtisadi-ticarət əlaqələrimizin inkişafı üçün Hökumətlərarası birgə komissiyanın mühüm rolu var.

Nazir Hindistanlı həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verib. O, qeyd edib ki, Qoşulmama Hərəkatı çərçivəsində qəbul edilmiş, eləcə də digər sənədlərdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ədalətli mövqeyi Hindistan tərəfindən dəstəklənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti