...

Azərbaycan və İran arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub

Siyasət Materials 24 Aprel 2018 11:17 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İranın Ali rəhbərinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi, Təbrizin imam-cüməsi Məhəmmədəli Al-Haşim ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, B.Hüseynov son illər Azərbaycan-İran münasibətlərinin inkişaf etdiyini və bunun hər iki ölkənin prezidentləri tərəfindən aparılan siyasətin nəticəsi olduğunu bildirib. İki ölkə arasındakı münasibətlərin xalqlarımızın mənafeyinə uyğun olduğunu qeyd edib. Əlaqələrin inkişafına Şərqi Azərbaycan vilayətinin də öz töhfəsini verdiyini vurğulayıb.

Prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifin cari ilin mart ayında Azərbaycana səfər etdiyinə toxunan diplomat qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına zəmin yaratdığını bildirib. H.Ruhaninin səfərinin məhsuldar keçdiyini, səfər çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalandığını qeyd edib. İki ölkə arasında iqtisadi münasibətlərin yüksək inkişafından, o cümlədən ticarət dövriyyəsi, birgə avtomobil və dərman istehsalı, nəqliyyat xətlərinin əlaqələndirilməsindən söhbət açıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin hər iki ölkə üçün önəmini vurğulayıb. Qeyd edib ki, Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsi üçün öz töhfəsini verəcək.

B.Hüseynov qeyd edib ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncamlara əsasən ölkəmizdə turizm sənayesinin inkişaf etdirilməsi üçün viza rüsumu azaldılıb, “ASAN viza” sistemi yaradılıb. Hazırda İran vətəndaşları Azərbaycanın İrandakı diplomatik nümayəndəliklərinə müraciət etmədən də elektron viza ala bilərlər. Həmçinin bu il martın 15-dən başlayaraq İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilir.

Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olduğunu qeyd edən səfir ölkəmizdə digər dinlərin də nümayəndələrinin yaşadığını diqqətə çatdırıb. Dövlət tərəfindən hər kəs üçün dini etiqad azadlığının təmin olunduğunu bildirib. Ölkəmizdəki dini tolerantlıq haqqında həmsöhbətinə məlumat verib. Azərbaycan Respublikasında dini, mədəni və tarixi abidələrə göstərilən dövlət qayğısından danışıb.

Diplomat M.Al-Haşimi Azərbaycana, o cümlədən Naxçıvan Muxtar Respublikasına səfərə dəvət edib.

M.Al-Haşim Azərbaycana dəvət üçün təşəkkürünü ifadə edərək Bakıya, eləcə də Naxçıvan Muxtar Respublikasına səfərə etməyi düşündüyünü, gələcəkdə münasib vaxtda bu ziyarətin baş tuta biləcəyini vurğulayıb.

Prezident H.Ruhaninin ölkəmizə səfərinə toxunan M.Al-Haşim İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini söyləyib. Qeyd olunub ki, iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərlər mövcud dostluq münasibətlərinin, əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfədir. Münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərin artırılması zəruridir.

M.Al-Haşim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə işarə edərək, İranın münaqişələrin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına tərəfdar olduğunu vurğulayıb.

Həmçinin görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əliyənnağı Hüseynov da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti