...

Xəzərin statusu haqqında Konvensiya Dağlıq Qarabağ məsələsinin nizamlanmasına əlverişli mühit yaradacaq

Siyasət Materials 16 Avqust 2018 18:57 (UTC +04:00)
Bir neçə gün əvvəl Aktauda Xəzəryanı ölkələrin liderlərinin sammiti çərçivəsində imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə yeni konvensiya Dağlıq Qarabağ məsələsinin nizamlanmasına əlverişli mühit yaradacaq
Xəzərin statusu haqqında Konvensiya Dağlıq Qarabağ məsələsinin nizamlanmasına əlverişli mühit yaradacaq

Bakı. Mətanət Nəsibova - Trend:

Bir neçə gün əvvəl Aktauda Xəzəryanı ölkələrin liderlərinin sammiti çərçivəsində imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya Dağlıq Qarabağ məsələsinin nizamlanmasına əlverişli mühit yaradacaq.

Bunu Trend-ə politoloq, “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

Ekspertin sözlərinə görə, Xəzər Konvensiyası vacib geosiyasi əhəmiyyət daşıyır:

“Uzun müddət dünyada Xəzəri mübahisə dənizinə çevirən müxtəlif siyasi proseslər baş verib. Amma bütün bunlar başa çatdı və demək olar ki, bu vacib sənədin qəbul edilməsi Xəzəryanı ölkələr arasında vahid konsensusa gətirib çıxardı. Biz Türkmənistandan Azərbaycana sərnişinləri daşıyan mülki bərədə erməni terror aktlarını da, Xəzər dənizi regionunda digər təhdidləri də xatırlayırıq. Yalnız ölkə rəhbərliyi tərəfindən həyata keçirilmiş aktiv diplomatik iş sayəsində bir çox layihələr reallaşdırıldı”.

E.Ələsgərov bildirib ki, Konvensiyanın qəbul olunması ilə təhlükəsizlik məsələləri müəyyən mənada həll olunub, regionda sabitliyin qorunması üçün sənədi imzalayan bütün ölkələr məsuliyyət daşıyır:

“Qarabağ münaqişəsinin inteqrasiya proseslərinin inkişafı üçün maneə olması və onun həll edilməməsinin bütün regionu təhlükə qarşısında qoyması aşkar faktdır. Ona görə də beş ölkənin Xəzər regionunda təhlükəsizliyin qorunmasında marağını nəzərə alsaq, ehtimal olunur ki, Qarabağ məsələsində siyasi mühit daha əlverişli olacaq. Azərbaycanın Xəzərdə geosiyasi mövqeyi daha da güclənib, bu isə o deməkdir ki, Qarabağ probleminin həlli daha detallı şəkildə müzakirə oluna bilər”.

Ekspert əlavə edib ki, Konvensiyanın qəbul olunması strateji əhəmiyyətli iri iqtisadi və enerji layihələrinin reallaşdırılması üçün geniş imkanlar açır:

“Bu o deməkdir ki, Xəzərin dibi ilə qaz kəmərlərinin çəkilməsi imkanları yaranır. Fikrimcə, sual yaranır ki, Rusiya və İran Azərbaycandan keçməklə Türkmənistandan Avropaya qaz borusunun salınmasına niyə razılıq verdilər? Nəzərə almaq lazımdır ki, bu layihə həmin ölkələr üçün rəqabət təşkil edə bilər. İstisna olunmur ki, ixracatçı ölkələrdə (bu vəziyyətdə İran və Rusiya) Avropada qaz tariflərinin artması ilə bağlı müəyyən narahatlıqlar var, enerji resurslarının müxtəlif tədarük marşrutlarının olması isə bu artımdan qaçmağa imkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti