...

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi yaradılır

Siyasət Materials 20 Dekabr 2018 19:19 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi yaradılır

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqları Azərbaycanın tarixi-mədəni irsinin nadir nümunələrindəndir. Bu irsi qoruyub gələcək nəsillərə çatdırmaq olduqca böyük əhəmiyyət kəsb edir.

Qoruqların ərazisində mədəni irsin qorunmasını və saxlanılmasını, onların turizm potensialından səmərəli istifadəni təmin etmək, həmçinin dövlət-özəl tərəfdaşlığına şərait yaratmaq, qoruqların dövlət büdcəsindən asılılığını azaltmaq və dayanıqlı inkişafına nail olmaq üçün bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsinə və vahid idarəetmə sisteminin tətbiqinə zərurət yaranmışdır.

Sərəncama əsasən müəyyən edilir ki, Mərkəz Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Mərkəzin nizamnaməsinin təsdiqi və Mərkəzin nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə:

- bu Fərmanda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Mərkəzin nizamnaməsini və nizamnamə fondunun miqdarını Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Mərkəzin nizamnamə fondunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə əlaqədar məsələləri həll etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti