...

MDB müşahidə missiyası: Seçkilər rəqabətli, demokratik şəkildə həyata keçirilib

Siyasət Materials 10 Fevral 2020 12:16 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Müstəqil Dövlətlər Birliyi (MDB) müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərindəki müşahidələrinin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən missiya rəhbəri Viktor Quminskiy deyib ki, müşahidə zamanı ciddi qanun pozuntusuna rast gəlməyiblər.

Onun sözlərinə görə, müşahidə missiyası bu qərara gəlib ki, seçkilər Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun, rəqabətli, demokratik şəkildə həyata keçirilib:

"MDB müşahidə missiyası növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycan dövlətinin dəvəti ilə təşrif buyurub. Yanvarın 19-dan öz işinə başlamış missiya seçkilərə hazırlıq prosesində və səsvermədə iştirak edib. Seçkilərə MDB müşahidə missiyasının 252 müşahidəçisi akkreditasiya olunub. Onun tərkibinə Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan və eləcə də digər MDB ölkələrindən olan müşahidəçilər daxildir. Onların sərbəst şəkildə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb".

V.Quminskiy seçki qanunvericiliyini analiz edib və onun azad seçki keçirməyə imkan verdiyini vurğulayıb: "Seçkilərin keçirilməsinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi təşkil edib".

Missiya rəhbəri bildirib ki, bəzi məntəqələrdə kiçik pozuntulara rast gəlinsə də, bunlar seçkinin gedişatında əhəmiyyətli rol oynamayıb: "Mərkəzi Seçki Komissiyası seçicilərin məntəqələrə gəlib rahat şəkildə səs vermələri üçün hər cür şərait yaradıb. Onlara lazım olan bütün informasiyalar təqdim edilib. Seçki pozuntularının qeydiyyatı üçün qərargah yaradılıb, Kütləvi İnformasiya Vasitələrinin öz işlərini həyata keçirməsində heç bir maneə aşkarlanmayıb. Seçki gününə qədər missiya ölkənin 20 regionunda müşahidə aparıb. Qeyd etmək istərdim ki, hava şəraitinə görə bəzi dağlıq bölgələrdə monitorinq aparmaq imkanımız olmayıb. Lakin ölkənin əksər regionlarından əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, həmin bölgələrdə də seçki qanunvericiliyə uyğun şəkildə təşkil olunub. Biz məntəqələrdə əldə etmək istədiyimiz hər bir məlumatı öyrənə bilmiş, suallarımıza cavab almışıq".

O, seçicilərin siyahısının hər il yeniləndiyini də diqqətə çatıdrıb: "Məntəqələrdə səsvermə üçün şərait yaradılıb. Bizdə kiməsə maneə yaradılması ilə bağlı məlumat yoxdur. Seçkilərdə iştirak etmək istəyən namizədlərin sayı əvvəlki illərdən çox idi. Bu seçicilərə daha layiqli namizədi seçmək şansı qazandırıb".

Missiya rəhbəri seçki gününə qədər bir sıra dövlət qurumları ilə görüşlər keçirdiklərini və daxil olan şikayətləri analiz etdiklərini deyib: "Seçki günündə isə MSK-ya 260 müraciət daxil olub, onların çoxu kiçik nöqsanlardır. Lakin müraciətlərin hamısı ilə bağlı tam məlumatımız yoxdur. Biz öz qeydlərimizi seçkinin rəsmi nəticələrindən sonra təqdim edəcəyik. Onu da bildirmək istərdim ki, yerli və beynəlxalq müşahidəçilərin sayı da kifayət qədər yüksək olub. Bu da seçki prosesini izləməyə böyük imkan verib. Biz hamımız gördük ki, haradasa seçki məntəqəsinin vaxtında açılmaması ilə bağlı məlumat yoxdur. Səsvermə sakit və yüksək şəkildə təşkil olunub. Bəzi nöqsanlar qeyd edilib, məsələn, 15-ci dairənin məntəqələrindən birində ikinci dəfə səs vermək cəhdinin qarşısı müşahidəçi tərəfindən alınıb. Lakin dediyim kimi nöqsanlar əhəmiyyətli dərəcədə deyil".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti