...

Tarixçi alim: Sumqayıt hadisələrindən əvvəl 4 mindən çox azərbaycanlı Ermənistandan qovulmuşdu

Siyasət Materials 28 Fevral 2020 16:06 (UTC +04:00)
Ermənilər özləri belə bir məlumat yaymaqda maraqlıdırlar ki, guya Ermənistandakı azərbaycanlıların Azərbaycana köçürülməsi Sumqayıt hadisələrindən sonra baş verib. Ancaq bu köçürülmə 1988-ci il yanvarın 20-dən başlayıb.
Tarixçi alim: Sumqayıt hadisələrindən əvvəl 4 mindən çox azərbaycanlı Ermənistandan qovulmuşdu

Bakı. İlhamə İsabalayeva – Trend:

Ermənilər maraqlıdırlar ki, azərbaycanlıların deportasiyası Sumqayıt hadisələrindən sonra baş vermiş hadisə kimi təqdim edilsin, amma əslində deportasiya bu hadisələrdən əvvəl - 1988-ci il yanvarın 20-dən başlayıb.

Bunu Trend-ə "Ermənistan SSR-də azərbaycanlılar əleyhinə siyasət” mövzusunda araşdırma aparmış tarix üzrə fəlsəfə doktoru, dosent Əsəd Qurbanlı deyib.

Onun sözlərinə görə, yanvarın 20-dən etibarən Ermənistanın azərbaycanlılar yaşayan müxtəlif ərazilərindən Azərbaycana qaçqınlar gəlməyə başlamışdı:

"Həmin dövrdə artıq axın var idi. Amma Ermənistan mətbuatı bunu gizlədib, azərbaycanlıların köçdüyünü bilərəkdən Sumqayıt hadisələrindən sonra açıqlamışdı. Bununla bildirmək istəyirdilər ki, guya azərbaycanlıların Ermənistandan köçmə səbəbi Sumqayıtda baş verən hadisələrdir. Əslində isə azərbaycanlılar Sumqayıt hadisələrindən çox-çox qabaq Ermənistandan qovulmuşdular”.

Tarixçi alim qeyd edib ki, yanvarın 20-dən Sumqayıt hadisələrinin baş verdiyi tarixə qədər artıq 4000-dən çox azərbaycanlı Ermənistandan qovulmuşdu: “Həmin azərbaycanlılar Ermənistandan zorakılıqla qovulmuşdular. Onların köç maşını ermənilər tərəfindən güllələnirdi, azərbaycanlıların yaşadığı kəndlərə hücum edilirdi, onlar təhqir edilirdi”.

Ə.Qurbanlı əlavə edib ki, hələ 1925-ci ildə Ermənistandakı azərbaycanlıların dövlət səviyyəsində diskriminasiyası həyata keçirilirdi: “Bu siyasət 1960-cı illərdə daha da gücləndi. Ermənilər özlərinin uydurma soyrıqımını öz aralarında qeyd edirdilər. Ancaq 1960-cı ildən başlayaraq Ermənistan dövləti bu “missiya”nı öz üzərinə götürdü və bununla da azərbaycanlıların daha güclü sıxışdırılmasına başlanıldı. Hələ həmin zamanlarda orada gənclər Azərbaycan türklərinə qarşı çıxır, onlara nifrət ruhunda böyüdülürdü. Bununla bağlı ən böyük hadisə 1983-cü ildə İrəvan şəhərinə bitişik Masis rayonunda olmuşdu. Erməni gəncləri toy zamanı insanlara, eləcə də kəndlərdəki evlərə basqın edərək azərbaycanlıların qəbirlərini təhqir etmişdilər".

Tarixçi alim bildirib ki, 1988-ci il deportasiyası zamanı Ermənistandan köçürülən azərbaycanlıların sayı mübahisəlidir: “Rəsmi məlumatlara görə, Ermənistandan 189 min azərbaycanlı deportasiya edilib. Ancaq bu, düzgün məlumat deyil. Çünki həmin dövrdə Ermənistandan gələn əhalinin sayı nəzərdən keçirilib. O zaman Ermənistandan oxumaq üçün başqa ölkələrə gedən gənc azərbaycanlı tələbələr, hərbi xidmət çəkən oğlanlar, həbsxanada yatan insanlar və s. nəzərə alınmayıb. Mənim topladığım məlumatlara görə, təxminən 250 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edilib. Bundan başqa, Ermənistandakı azərbaycanlıların orta illik statistik sayı ermənilərdən qat-qat çox olub. Bunu Rusiya demoqrafları, bu problemlə məşğul olan digər alimlər də qeyd ediblər. Bu amil də nəzərə alınarsa, Ermənistandan köçürülən azərbaycanlıların sayı 250 min nəfərdən çox olar”.

Ə.Qurbanlı onu da əlavə edib ki, ermənilər guya Dağlıq Qarabağdakı ermənilərin hüquqlarının pozulması, onların azərbaycanlılar tərəfindən sıxışdırılması və etnik sıxışdırılmaya məruz qalması barədə əsassız fikirlər söyləyirlər:

"Ermənilər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar zamanı bu məsələnin gündəmə gətirilməsinə də cəhd edirlər. Belə olduğu halda, Qərbi Azərbaycandan olan qaçqın azərbaycanlıların hüquqlarının müdafiəsi də danışıqlar zamanı gündəmə gətirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti