...

Azər Qarayev: Bəzi məmurların cinayətlərinin ifşası onların toxunulmazlığı barədə ictimaiyyətdə yaranan mifi darmadağın etdi

Siyasət Materials 1 May 2020 15:41 (UTC +04:00)
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti son vaxtlar ölkədə rüşvətxorluğa qarşı keçirdikləri əməliyyatlar zamanı bəzi məmurların cinayətlərini ifşa etməsi ölkədə məmurların toxunulmazlığı barədə ictimaiyyətdə yaranan mifi darmadağın etdi
Azər Qarayev: Bəzi məmurların cinayətlərinin ifşası onların toxunulmazlığı barədə ictimaiyyətdə yaranan mifi darmadağın etdi

Bakı. Samir Əli - Trend:

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin son vaxtlar ölkədə rüşvətxorluğa qarşı keçirdikləri əməliyyatlar zamanı bəzi məmurların cinayətlərini ifşa etməsi ölkədə məmurların toxunulmazlığı barədə ictimaiyyətdə yaranan mifi darmadağın etdi.

Bunu Trend-ə açıqlamasında "Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədr müavini Azər Qarayev deyib.

Onun sözlərinə görə, keçirilən əməliyyatlar bir daha sübut etdi ki, hər bir şəxs Azərbaycan qanunları qarşısında bərabərdir. Tutduğu vəzifəsindən asılı olmayaraq heç bir məmurun qanunsuzluq etməyə ixtiyarı yoxdur:

"Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin bəzi yüksək rütbəli məmurları əvvəllər öz aralarında qruplaşma yaradaraq məmurları müdafiə edir, müəyyən maraqları naminə onları ictimaiyyətə bir növ "toxunulmaz şəxs" təqdim edirdilər. Bu prosesdən istifadə edən bəzi məmurlar da ölkədə, xüsusən də bölgələrdə hegemonluq edir, vətəndaşların hüquqlarını pozurdular. Cənab Prezident dəfələrlə vətəndaşlar qarşısında çıxışlarında, müşavirələrdə və digər vacib tədbirlərdə məmurlara xəbərdarlıq edib, onları qanunlara riayət etməyə çağırsa da, bəzi məmurlar müəyyən yollarla yenə də qanunsuzluqlar edirdilər.

General Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin ediləndən sonra adıçəkilən xidmətə əsl peşəkarlar cəlb edildi. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları cənab Prezidentin çağırışlarına əməl edərək qanunlara əməl etməyən, vətəndaşların hüquqlarını kobud pozan məmurlara qarşı tədbirlər görməyə başladılar. Son vaxtlar bu sahədə görülən tədbirlər artıq göz qabağındadır".

A.Qarayev qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının cinayətkarlığa qarşı həyata keçirdiyi tədbirlər nəticəsində bir neçə rayonda rüşvətxorluqla məşğul olan məmurların əməlləri ifşa edildi:

"Həyata keçirilən əməliyyat tədbirləri bir daha sübut etdi ki, hələ də bəzi məmurlar özlərini rəhbər təyin olunduqları ərazidə toxunulmaz hesab edir. Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İsmayıllı rayonlarında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdikləri əməliyyatlar bir daha sübut etdi ki, vəzifəsindən və tutduğu mövqeyindən asılı olmayaraq bütün vətəndaşlar törətdikləri əməllərə görə qanun qarşısında cavab verməlidir. Bu əməliyyatlar bölgələrdə bir daha məmurların toxunulmazlıq mifini dağıtdı və sadə vətəndaşlara sübut etdi ki, qanunlara riayət etməyən, özbaşınalığa cəhd edən məmurlar məsuliyyətə cəlb olunur, bundan sonra da olunacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti