...

Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib (FOTO)

Siyasət Materials 7 İyul 2020 18:04 (UTC +04:00)
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib (FOTO)

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksiyalarını ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir.
Komitə sədri Rövşən Rzayev iyulun 7-də növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Komitədən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi, qlobal pandemiya ilə bağlı fövqəladə şəraitdə əhalinin təhlükəsizliyinin qorunması, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Belə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlərin deyil, bütün cəmiyyətin, o cümlədən qaçqınların və məcburi köçkünlərin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi qeyd edilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Komitə sədrinin videoqəbulu dörd saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub.
Qeyd edək ki, (012) 525-41-03 və ya (055) 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazılmaq olar. Bu zaman vətəndaş özü haqqında məlumat, əlaqə üçün telefon nömrəsi verməli və hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməlidir. Videoqəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti