Bakı. Trend:
“Tarixin ən görkəmli britaniyalısı” adlandırılan Uiniston Çörçil zamanında demişdi – Demokratiya idarəçiliyin ən pis formasıdır, heyf ki, ondan yaxşısı yoxdur...
“Qərb demokratiyası” - Bu ifadə məqsədyönlü şəkildə dünya ideologiyasına nümunə kimi yeridildi, inkişaf etdirildi. Bir çox ölkələr də Qərb kimi olmağa, Qərb kimi yaşamağa və düşünməyə can atdı. Lakin mahiyyətə varan olmadı. Mahiyyətə varanda görürsən ki, özlərini demokratiyanın beşiyi kimi təqdim edən ölkələr elə özləri də bu beşiyi tabutla əvəzləyir və onu “uf” demədən torpağa gömürlər.
Sırağagünkü Paris və dünənki Vaşinqton misalı və bunlardan əlavə, daha yüzlərlə olay... “Sarıjiletliləri” xatırlayın, bir də “Qərb demokratiyasına iddialı Paris meriyasını. Nəticədə sarı jiletlər qırmızıya boyanmadımı? Hökumətin naqis və yarıtmaz əməllərinə qarşı çıxanlar qanına qəltan edilmədimi?
“Qərb demokratiyası”na daha bir “nümunə” Vaşinqtondan gəldi. Baxmayaraq ki, bu günə qədər belə nümunələr saysız-hesabsız olub. Sadəcə, dünənki antidemokratik hadisə bir qədər fərqlənirdi. Bu dəfə qos-qoca bir dövlətin – ABŞ-ın 200 illik seçki sistemi hədəf alınmışdı. Eyni sistemlə hakimiyyətə gələn prezidentin tərəfdarları indi də həmin sistemi ittiham və ifşa etdilər.
Məlum, hazırkı prezident Donald Tramp seçki saxtakarlığı ilə bağlı videomüraciət yaydı, ardınca onun tərəfdarları Konqres binasına hücum edərək ali qanunverici qurumun iclasını yarımçıq qoydular. Bu, işin demokratiya tərəfidir. Yəni, Trampın videomüraciət yaymaq, tərəfdarlarının isə etiraz etmək haqları vardı. Lakin gəlin görək, ABŞ hökuməti bu haqları qorudumu? Hadisə yerinə cəlb edilən polis və mühafizə dəstələri nümayişçilərə qarşı bibər qazı və səs qumbaraları tətbiq etdilər. İğtişaşlar nəticəsində 4 nəfər həlak oldu. 4 nəfər. Bu rəqəm çoxmilyonlu ABŞ dövləti üçün olduqca kiçik səslənə bilər, amma çoxillik demokratiya, özü də demokratiyanın əsas meyarı sayılan seçki sistemi adına 400 illik bir utancdır.
Necə ki, bir çox nüfuzlu ölkələr və onların rəsmiləri də bu olayları pislədi və ABŞ-ın seçki sisteminin müasir demokratik standartlara cavab vermədiyini bəyan etdilər. Belə demək mümkünsə, ABŞ-dakı mövcud durum demokratiyadan geri çəkilmə, insan hüquqlarının kobud şəkildə pozulmasının tendensiyaya çevrilməsi, polis qəddarlığı və s. kimi xarakterizə edildi.
Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etdi ki, ABŞ-dakı seçki sistemi köhnəlib, arxaikdir və müasir demokratik standartlara cavab vermir. ABŞ KİV-ləri isə siyasi mübarizənin alətinə çevrilib. Bu da hazırda ABŞ cəmiyyətində indi müşahidə olunan parçalanmaya gətirib çıxarıb.
Beləliklə, ABŞ-da xüsusən də qaradərili əhaliyə qarşı sərt davranış, onların polislər tərəfindən qətlə yetirilməsi və bununla əlaqədar geniş sosial etirazlar, insanların öz hüquqlarını müdafiə etmək və sərbəst şəkildə fikirlərini çatdırmaq hüququnun qarşısının sərt şəkildə alınması, etirazçılara şiddət tətbiqinin geniş miqyas alması “Qərb demokratiyası” nümunəsini antidemokratiya nümunəsi kimi səciyyələndirir.
Ona görə də hazırda ABŞ-da keçirilmiş son seçkilərin
saxtalaşdırılması ilə bağlı D.Tarmpın və tərəfdarlarının iddiaları,
hətta ölkə başçısı tərəfindən keçirilmiş seçkilərin üçüncü
ölkələrin səviyyəsindən də aşağı olması barədə irəli sürdüyü
fikirlər ekspertlər tərəfinədən Amerika demokratiyasının artıq
iflas həddində çatması kimi qiymətləndirilir.
Odur ki, baş verən hadisələrin timsalında ABŞ demokratiyasının,
xüsusən də seçki sisteminin artıq istismar müddətini başa vurduğunu
hesab etmək olar.
Gələk Çörçilə, mərhum baş nazir, demokratiya ən yaxşı idarəetmə formasıdır, öz mənafeyini güdməsən...
Elgün MƏNSİMOV
Trend