...

Azərbaycan - Türkiyə media platforması birgə əməkdaşlığa yeni çalarlar qatacaq - Naqif Həmzəyev

Siyasət Materials 19 Yanvar 2021 17:14 (UTC +04:00)
Azərbaycan - Türkiyə media platforması birgə əməkdaşlığa yeni çalarlar qatacaq - Naqif Həmzəyev

Bakı. Trend:

Bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri günü-gündən möhkəmlənir. Mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan iki dövlətin əməkdaşlığının yüksək səviyyəsi dövlətlərarası əlaqələrin tarixində nadir hadisə kimi qiymətləndirilir.

Bunu Trend-ə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə, bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.

İlk gündən Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaldıb, eyni addım ölkəmiz tərəfindən qətiyyətlə atılıb. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən, ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsi dövründə mətbuatın da üzərinə böyük işlər düşdü. Yerli mətbu orqanlarımızla birlikdə türk mediası da informasiya savaşında öndə oldu. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Vətən müharibəsinin beynəlxalq mediada işıqlandırılması, sosial mediada təxribatların qarşısının alınması istiqamətində Türkiyə mətbuatının fəaliyyətini danmaq olmaz.

Türkiyənin bütün kütləvi informasiya vasitələri Azərbaycanın haqq savaşı haqqında xəbərlər, fotoşəkillər çap edib, rəsmi, özəl televiziya kanalları geniş reportajlar yayımladılar. Məhz bunun üçün də siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlığı ən yüksək səviyyədə davam etdirən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu da hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilir.

Azərbaycan-Türkiyə media platformasının əhatə dairəsinin genişlənməsi, birgə media platforması çərçivəsində iki ölkə arasında sağlam media əlaqələri şəbəkəsinin infrastrukturunun yaradılması hər iki ölkənin jurnalistlərinin birgə əməkdaşlığına yeni çalarlar qatacaq. Onların təcrübələrinin bölüşdürülməsində, birgə layihələrin işlənib hazırlanmasında media sahəsi üzrə Anlaşma Memorandumu yüksək nəticələrin əldə edilməsinə şərait yaradacaq. Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasında da Azərbaycan-Türkiyə media platforması öz sözünü deyəcək.

Azərbaycan və Türkiyənin bir çox sahələrdə yüksələn xətlə inkişaf edən əməkdaşlıqların media sahəsində də davam etdirilməsi Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığının, əbədiliyinin növbəti təzahürüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti