...

Deputatdan azad edilmiş ərazilərdə bərpa işləri ilə bağlı təklif: Gənclərdən ibarət qruplar yaradılsın

Siyasət Materials 19 Fevral 2021 16:19
Deputatdan azad edilmiş ərazilərdə bərpa işləri ilə bağlı təklif: Gənclərdən ibarət qruplar yaradılsın

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarını azad etdi. İndi isə qarşıda duran əsas məqsəd həmin ərazilərin bərpası və yenidən qurulmasıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, düşmən torpaqlarımızı işğal altında saxladığı müddətdə həmin ərazilərdə bütün infrastrukturu, evləri, sosial obyektləri məhv edib, yaşayış üçün nə olubsa dağıdıb:

“Düşmən tapdağından azad olunduqdan sonra həmin əraziləri necə vəhşiliklə dağıtdıqlarını gördük. O yerlərdə insan yaşayışı üçün heç bir imkan qalmayıb. İndi o yerlər tamamilə yenidən qurulmalıdır.

Cənab Prezident İlham Əliyev qeyd etdiyi kimi, həmin ərazilər yenidən qurulacaq, dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Bildiyiniz kimi, artıq bir sıra infrastruktur layihələrin həyata keçirilməsinə, yolların çəkilməsinə, hava limanının tıkilməsinə başlanılıb və bundan sonra da genişmiqyaslı işlər həyata keçiriləcək. Cənab Prezidentin tapşırığı ilə çoxsaylı layihələr hazırlanır, “ağıllı şəhər”, “ağıllı kənd” kimi yeni layihələr üzərində iş aparılır. Artıq 2021-ci ilin dövlət büdcəsindən həmin ərazilərin bərpası üçün 2.2 milyard manat vəsait ayrılıb, o cümlədən Qarabağ Dirçəliş Fondu yaradılıb.

Əlbəttə ki, bütün bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün çoxlu sayda işçilərə, müxtəlif sahələrdə mütəxəssislərə tələb yaranacaq.

Bu baxımdan, gənclərin mütəşəkkil şəkildə işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərə cəlb olunması məqsədəuyğun olar. Gənclər təşkilatları, gənclərlə işləyən dövlət qurumları, ali təhsil müəssisələri, peşə məktəbləri bu işlərdə fəal ola bilərlər. Misal üçün, gənclərdən ibarət inşaat qrupları və digər işləri yerinə yetirəcək qruplar yaradıla bilər, o qruplara müəyyən təlimlər keçdikdən sonra bərpa və yenidənqurma işlərinə cəlb etmək olar. Hesab edirəm ki, gənclər özləri də bu işlərə böyük maraq göstərəcəklər. Həm gənclərin məşğulluğu təmin olunacaq, eyni zamanda onlar böyük təcrübə qazanacaqlar.

Həmçinin, işğaldan azad edilmiş ərazilərdə çoxlu sayda müəssisələr, o cümlədən su elektrik stansiyaları, hava limanları, dəmir yol stansiyaları, turizm məkanları tikiləcək ki, orada mütəxəssislərin daimi qalıb işləməsinə ehtiyac olacaq. Bu baxmdan, yenidənqurma işlərində, spesifik müəssələrin fəaliyyətinin qurulmasında gənclərin cəlb edilməsi onların təcrübə qazanmasına səbəb olacaq ki, bu da sonrakı dövrdə kadr tələbatının yerinə yetirilməsinə imkan yaradacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti