...

Ceyhun Bayramov Maldivin xarici işlər naziri ilə telefonla danışıb

Siyasət Materials 12 Aprel 2021 18:30 (UTC +04:00)
Ceyhun Bayramov Maldivin xarici işlər naziri ilə telefonla danışıb

Bakı. Trend:

12 aprel 2021-ci il tarixində xarici İşlər naziri Ceyhun Bayramov və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər ölkələr arasında ikitərəfli əməkdaşlıq gündəliyinin məsələləri üzrə fikir mübadiləsi aparıblar. Xüsusilə humanitar sahədə əməkdaşlıq və Azərbaycan hökumətinin təqdim etdiyi təqaüd əsasında Maldiv Respublikasından olan tələbələr üçün təhsil almaq imkanının yaradılması nazir Abdulla Şahid tərəfindən məmnunluqla vurğulanıb. Nazir Ceyhun Bayramov dost ölkələrin vətəndaşlarının Azərbaycanda elm və təhsil sahəsində fəaliyyətlərini həyata keçirmələri üçün hər zaman müvafiq şəraiti təmin etməyə hazır olduğumuzu qeyd edib.

Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, BMT və ixtisaslaşmış təsisatları çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, yaranan yeni reallıqlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barədə məlumat verib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti