Bakı. Trend:
Azərbaycan Ermənistana qarşı beynəlxalq məhkəmədə iddia qaldırıb.
Trend Beynəlxalq Məhkəmənin veb saytına istinadən xəbər verir ki, Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozduğuna görə Ermənistana qarşı Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Məhkəməsində iddia qaldırıb.
İddiada bildirilib ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı -seçkilik hərəkətləri etmiş və etməkdə də davam edir:
"Ermənistan həm birbaşa, həm də dolayı yollarla etnik təmizləmə siyasətini davam etdirir və nifrət nitqindən istifadə edərək hökumətinin ən yüksək səviyyəsində də irqçi təbliğat aparır, azərbaycanlılara qarşı nifrət və etnik zorakılığı qaldırır. 2020-ci ilin payızında gedən döyüşlər zamanı azərbaycanlılar yenidən Ermənistanın etnik nifrət zəminində zorakılığının hədəfinə çevrilib. Ermənistan etnik, mədəni təmizləmə və azərbaycanlılara qarşı nifrət oyatmaq siyasəti yürüdürək, Konvensiyaya xələl gətirir, azərbaycanlıların hüquq və azadlıqlarını sistematik şəkildə pozur".
Bəyanatda Azərbaycan, xüsusən, bildirib ki, Ermənistanın Azərbaycan əleyhinə ayrı-seçkiliklə bağlı siyasəti Konvensiyanın 2, 3, 4.5, 6 və 7-ci maddələrini pozulmasıdır. Azərbaycan Məhkəmədən xahiş edir ki, Ermənistanı Konvensiyanı pozduğuna görə məsuliyyətə cəlb etsin və bunun nəticəsində Azərbaycana və xalqına vurduğu ziyanı ödətdirsin.