...

Heydər Əliyev müasir dövlətçiliyimizin xilaskarı missiyasını yerinə yetirdi - Kamaləddin Qafarov

Siyasət Materials 11 Dekabr 2021 09:00 (UTC +04:00)
Heydər Əliyev müasir dövlətçiliyimizin xilaskarı missiyasını yerinə yetirdi - Kamaləddin Qafarov

Bakı. Trend:

1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında, suverenliyini və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Həmin mürəkkəb və həlledici dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev, ilk növbədə, Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyasının əsasını qoydu. Bundan sonra Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci tarixi dövrün, 1993-2003-cü illəri əhatə edən mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanılmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir:

"Bu dövr ulu öndərin öz sözləri ilə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Ulu öndərin Azərbaycanda hakimiyyətə qayıdışına qədərki dövrü əhatə edən mərhələdə ölkə rəhbərliyinin həyata keçirdiyi səbatsız, səriştəsiz və əslində, antimilli mahiyyət kəsb edən daxili və xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə, məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi. Digər tərəfdən, Azərbaycan rəhbərliyinin mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu yarıtmaz siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. Bu da azmış kimi, ABŞ Konqresi də Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi".

Kamaləddin Qafarov vurğulayıb ki, belə bir şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli perspektiv separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması təhlükəsi idi. Respublikamız real vətəndaş müharibəsi girdabına sürüklənmişdi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı.

"Lakin bu prosesin özü də hamar yolla getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bu sınaqlardan da uğurlu çıxışını təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz xilaskar missiyasını yerinə yetirdi.

Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yaradıldı.

Daxili siyasi sabitlik və iqtisadi inkişafa nail olan Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı olan uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirdi. Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan bu siyasətin prioritet istiqamətlərindən birini Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi təşkil etmişdir. Bu məqsədlə ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin həllinə nail olmaq üçün ikitərəfli formatda keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə tədbirlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun törətdiyi nəticələr haqqında təkzibedilməz faktları və arqumentləri ortaya qoymuş, münaqişənin əzəli və tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağı ilhaq edib özünə birləşdirməyə çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yarandığını bəyan etmişdi. Heydər Əliyev ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi. Nizami ordu quruculuğu prosesi dönməz xarakter aldı. Nəticələr özünü çox da gözlətmədi. Nizami Azərbaycan Ordusunun cəbhə boyu həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar münaqişənin tənzimlənməsi prosesində Ermənistanın tutduğu ənənəvi güzəştsiz mövqeni sarsıtdı. Ermənistan cəbhədə atəşkəsin elan edilməsinə razılıq verməyə məcbur oldu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 12-də atəşkəs haqqında tarixi razılaşma əldə olundu. Nəticədə, 1992-ci ilin mart ayında 11 dövlətin iştirakı ilə yaradılmış və missiyası Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik olan ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqları intensiv xarakter aldı".

Deputat əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu uğurlu “neft diplomatiyası” təkcə mühüm iqtisadi məzmun kəsb etmirdi, eyni zamanda, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün münbit şəraitin təmin edilməsi məqsədini də özündə ehtiva edirdi: "Azərbaycanın yeni enerji strategiyasının memarı olan Heydər Əliyevin otən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyətə malik oldu və respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Daha dəqiq desək, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu. 1996-cı ildə isə ilk növbədə regionun və nəticə etibarı ilə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı.

Ötən illər ərzində Azərbaycan demokratik inkişaf yolunda da ciddi uğurlara imza atmışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsinin nəticəsi olaraq qəbul edilmiş 1995-ci il Konstitusiyası və ona edilmiş əlavə və düzəlişlər ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesində müstəsna rol oynamışdır. Ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Məhz bu möhkəm təməl əsasında ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi qorunmuş, çoxpartiyalı sistem üçün əsaslar yaradılmış, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edilmişdir.

Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin əziz xatirəsini sonsuz ehtiramla yad edir. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin sükanı möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında etibarlı əllərdədir və ölkəmiz davamlı və dinamik inkişaf tempinə malikdir. Bu gün məhz Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edərək, milli dövlət quruculuğu və idarəçiliyinin ən şərəfli mərhələsini yaşayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti