...

Beynəlxalq Cinayət Məhkəməsi qərəzli yanaşmasından əl çəkməli və Ermənistanın cinayətlərini araşdırmaq üçün missiya göndərməlidir - Pakistanlı ekspert

Siyasət Materials 19 May 2022 08:45 (UTC +04:00)
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Bu yaxınlarda məlum oldu ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya ilə münaqişə fonunda faktların öyrənilməsi və həqiqətin üzə çıxarılması üçün Ukraynaya 40-dan çox müstəntiq göndərəcək. Lakin ikinci Qarabağ müharibəsi zamanı rəsmi Bakının beynəlxalq təşkilatlara dəfələrlə müraciət etməsinə baxmayaraq, Azərbaycana belə missiyalar göndərilməyib.

Bu, Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərini azad etmək uğrunda apardığı mübarizə məsələsində beynəlxalq ictimaiyyətin ikili standartlarını bir daha sübut edir. İşğal dövründə beynəlxalq ictimaiyyət susdu, bütün işğal dövründə sükutu qorudu.

Sülh və Diplomatik Araşdırmalar İnstitutunun direktoru, pakistanlı politoloq Məhəmməd Asif Nur Trend-ə bildirib ki, Ukrayna-Rusiya böhranı dünya ictimaiyyətinin ikiüzlü yanaşmasını üzə çıxarıb.

"Haqsızlıq və konkret münaqişələrə qərəzli yanaşma mövzusu dəfələrlə qaldırılıb. Bütün dünyada bir sıra münaqişələr misal çəkmək olar, lakin dünya ictimaiyyəti Qarabağ münaqişəsində olduğu kimi, onların bir çoxuna göz yummaqda davam edir. Beynəlxalq Cinayət Məhkəməsinin heç bir baş prokuroru insanlığa qarşı müharibə cinayətlərini araşdırmaq üçün bölgəyə getməyib", - deyə politoloq bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin bu cür seçici münasibəti qərəzli yanaşmanı əks etdirir.

"Ermənistanın humanitar böhrana səbəb olan hərbi cinayətləri diqqətdən kənarda qaldı. Azərbaycanın rəsmi kanallar vasitəsilə çoxsaylı müraciətlərinə baxmayaraq, Beynəlxalq Cinayət Məhkəməsi regiona faktaraşdırıcı missiya göndərməkdən boyun qaçırıb. Beynəlxalq Cinayət Məhkəməsi və digər oxşar təşkilatların bu qəbildən olan çağırışlara cavab verməməsi ilk dəfə deyil. Dünyanın hər hansı bir yerində böhran varsa, münaqişələrin səbəblərini araşdırmaq və müharibə cinayətlərinin müəyyən edilməsi bu vacib təşkilatların vəzifəsi olmalıdır", - deyə Məhəmməd Asif Nur bildirib.

Politoloq qeyd edib ki, "Amnesty International" Ermənistan qüvvələrinin mülki azərbaycanlılara qarşı qadağan olunmuş sursatlardan istifadə etdiyini üzə çıxarıb.

"İkinci Qarabağ müharibəsi zamanı döyüş bölgəsindən uzaqda yerləşən dinc Azərbaycan şəhərləri Ermənistan qüvvələrinin raket atəşinə məruz qalıb. Nəticədə onlarla insan həlak olub, onlarla insan yaralanıb. Həmçinin, Ermənistan qüvvələri Azərbaycan ərazilərində minalar basdırıb və bu minalar bu günə qədər dinc əhali arasında itkilərə səbəb olur. Eyni zamanda, unutmaq olmaz ki, Qarabağ müharibəsi başlayandan sonra yüz minlərlə azərbaycanlı öz evlərini tərk etmək məcburiyyətində qalıb. İşğal və etnik təmizləmə həyata keçirilib. Ermənistan qüvvələri hərbi cinayətlər törədiblər və bunları gözardı etmək olmaz. Onlar araşdırılmalıdır. Ermənistanın əsl simasını bütün dünyaya göstərmək üçün bu cinayətlər beynəlxalq arenada müzakirəyə çıxarılmalıdır", - deyə Məhəmməd Asif Nur bildirib.

Onun sözlərinə görə, dünya dərk etməlidir ki, ədalətin gecikməsi ədalətdən imtina edilməsi deməkdir.

"Bundan ancaq günahsız insanlar əziyyət çəkir. Tək Qarabağda deyil, bütün dünyada", - deyə politoloq əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti