...

IX Qlobal Bakı Forumu fərqli, unikal, ən əsası isə obyektiv və qərəzsizdir - RƏY

Siyasət Materials 16 İyun 2022 21:00 (UTC +04:00)
IX Qlobal Bakı Forumu fərqli, unikal, ən əsası isə obyektiv və qərəzsizdir - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev 9-cu Qlobal Bakı Forumundakı çıxışında bir sıra vacib məqamlara və məsələlərə toxundu. Burada ən vacib məsələlərdən biri də Ermənistanla Azərbaycan arasında vaxtilə mövcud olan münaqişənin həlli məsələsidir. Cənab Prezident İlham Əliyev Ermənistana bir daha xəbərdarlıq etdi və Zəngəzur dəhlizinin açılmasının vacibliyini xüsusi olaraq vurğuladı.

Bunu Trend-in sualına cavabında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, eyni zamanda, Ermənistana növbəti dəfə xəbərdarlıq edildi.

“Əgər Ermənistan Zəngəzur dəhlizini açmasa, yekun sülh müqaviləsi imzalanmasa, o zaman Azərbaycan bir sıra addımlar atacaq. Bu gün Azərbaycanın əlində kifayət qədər tarixi faktlar, əsaslar var ki, vaxtilə Azərbaycanın tərkibində olan Zəngəzur dəhlizi Ermənistana verilmişdir. Azərbaycan da belə olduğu təqdirdə addım ataraq Ermənistana qarşı müəyyən iddialarla çıxış edə bilər. Ermənistan bunu nəzərə almalıdır”, - deyə deputat bildirib.

O qeyd edib ki, digər önəmli məqam isə ATƏT-in Minsk qrupu ilə bağlıdır.

“Yəni, bu gün Ermənistan nə qədər cəhd etsə də, Minsk qrupunun yenidən dirçəldirməsinə nail ola bilməz. Artıq belə bir qrup yoxdur, bu məsələ bitib. Burada digər bir mühüm məsələ isə ondan ibarətdir ki, Ermənistan çox ciddi nəticə çıxarmalıdır. Əgər Ermənistan nəticə çıxarmasa, Azərbaycan bununla bağlı bir sıra addımları atacaq. Eyni zamanda, qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupu və Qarabağın statusu ilə bağlı 2020-ci il 10 noyabr razılaşmasında hər hansısa bir maddə və ya bənd yoxdur. Ona görə də Ermənistan bütün bunları nəzərə almalıdır. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir”, - deyə deputat əlavə edib.

Siyasi ekspert Elçin Mirzəbəyli isə qeyd edib ki, Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında keçirilən IX Qlobal Bakı Forumu həm müzakirə olunan mövzuların əhəmiyyəti, həm də çoxşaxəliliyi baxımından, dünyanın müxtəlif ölkələrində keçirilən digər beynəlxalq konfrans və forumlardan tamamilə fərqlənir.

"Qlobal Bakı Forumunun özəlliyi bu gün bəşəriyyəti ciddi çağırışlar qarşısında qoyan problemlərə kompleks şəkildə yanaşılması və bu problemləri yaradan səbəblərin bu və ya digər geosiyasi qütbün maraqlarını ifadə etmədən dilə gətirilməsidir. Məsələn, 1962-ci ildən etibarən müxtəlif adlar altına keçirilən Münhen Təhlükəsizlik Konfransında, əsasən xarici siyasət və təhlükəsizlik məsələləri müzakirə olunur. Sözügedən beynəlxalq tədbirin 1993-cü ilədək “Hərbi məsələlər üzrə konfrans” adlanması da Münhen Təhlükəsizlik Konfransinin prioritetlərinin nədən ibarət olduğunu gün işığına çıxarır. 1971-ci ildə yaradılan Davos Ümumdünya İqtisadi Forumunun fəaliyyəti də konkret istiqamətləri əhatə edir. Davos Forumunda bir qayda olaraq, səhiyyə və ekologiya da daxil olmaqla, iqtisadi və qismən də sosial sferaları əhatə edən məsələlər müzakirə olunur.

2004-cü ildə yaradılan Valday Diskussiya Klubunun təşkil etdiyi konfransların da mövzusu adətən qlobal iqtisadi-siyasi problemlərlə bağlı olur və müəyyən qədər Münhen Təhlükəsizlik Konfransının formatını xatırladır.

Hazırda dünyada 50-dən artıq müxtəlif sahələri əfatə edən populyar və qismən populyar beynəlxalq forum və konfranslar təşkil olunur. Onların arasında davamlı şəkildə keçirilənləri də, konkret problemlərdən doğan çağırışlara əsasən təşkil olunanları da var. Qlobal Bakı Forumunu digər konfrans və forumlardan fərqləndirən cəhət, daha öncə qeyd etdiyim kimi, dünyanı ciddi çağırışlar qarşısında qoyan problemlərə kompleks şəkildə yanaşılması və bu çağırışların hansı sahəni əhatə etməsindən asılı olmayaraq, bir-biri ilə zəncirvari şəkildə bağlı olduğunun diqqətə alınaraq, ən incə detallarına qədər təhlil edilməsi, reallığa uyğun çıxış yollarının göstərilməsidir", - o deyib.

Ekspert bildirib ki, Ukraynada baş verənlərin fonunda bəşəriyyətin üzləşdiyi problemlər, o cümlədən, ərzaq təhlükəsizliyi ilə bağlı çağrışların getdikcə daha təhlükəli həddə çata biləcəyi ehtimalı, siyasi, iqtisadi, sosial, ekoloji və digər sahələrdə yaranan təhlükələrin bir-biri ilə bağlı olduğunu təsdiqləyir: "Müharibələr iqtisadiyyata, ekologiyaya, ərzaq və enerji təhlükəsizliyinə təhdid yaradır və yaxud əksinə, iqtisadi, sosial, humanitar, ekoloji problemlər yeni münaqişə və müharibələr üçün əlverişli zəmin formalaşdırır. Məhz bu baxımdan, rəsmi Bakının dünyada baş verən proseslərə baxış bucağını ifadə edən Qlobal Bakı Forumu Yer kürəsinə və bütün bəşəriyyətə vahid bir orqanizm kimi yanaşdığı, təbiət və insan fitrəti ilə ilahi harmoniyada olduğu üçün fərqlidir, unikaldır, ən əsası isə obyektiv və qərəzsizdir.

Qlobal Bakı Forumunu fərqləndirən ən önəmli cəhətlərdən biri də, burada aparılan müzakirələrin hazır geosiyasi və geoiqtisadi respetlərdən uzaq olması, yeni yanaşmalara üstünlük verilməsidir. Qeyd edim ki, Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bu məqama xüsusi diqqət çəkdi və bildirdi ki, forumda yeni yanaşmaların müzakirəsi indi heç vaxt olmadığı kimi zəruridir. Bu baxımdan, Forumun işində bu dəfə də bəşəriyyəti ciddi çağrışlar qarşısında qoyan problemlərin həllinə münasibətdə yeni yanaşmaların üstünlük təşkil edəcəyinə inanıram və ümid edirəm ki, Qlobal Bakı Forumu həm də bu istiqamədə müsbət nümunə yarada biləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti