...

Qüdrətli Azərbaycan Ordusu bizim qürurumuz, şərəfimizdir - RƏY

Siyasət Materials 25 İyun 2022 22:19 (UTC +04:00)
Qüdrətli Azərbaycan Ordusu bizim qürurumuz, şərəfimizdir - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusunun yaradılması mühüm addım olmuşdur. Təssüflər olsun ki, Xalq Cümhuriyyətinin süqutu milli ordu quruculuğu prosesinin də yarımçıq qalması ilə nəticələndi. Milli Ordu quruculuğunda dönüş yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi ilə başlandı.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu.

“Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Sovetlər dövründə Ulu Öndərin həyata keçirdiyi bu siyasət əslində gələcək müstəqil Azərbaycanın milli ordusunun yaradılması üçün görülən böyük işlər idi", - deyə deputat bildirib.

O qeyd edib ki, həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

“Eyni zamanda, Ulu Öndərin rəhbərliyi ilə hərbi təhsil sisteminin inkişaf etdirilməsi üçün ciddi işlər görülürdü. Belə ki, Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan Ordusu modern orduya çevrildi.

Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib”, - deyə C.Osmanov qeyd edib.

O bildirib ki, Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir.

“Məhz həyata keçirilən düzgün strategiya nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri olduğunu 44 günlük Vətən müharibəsində əyani olaraq sübut etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və ümumilikdə 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla da tarixi ədaləti bərpa etdi və düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.

Azərbaycan Ordusunun gücünü artıran amillərdən biri də xalq-Ali Baş Komandan-ordu birliyidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. “Dəmir yumruq” qələbəmizin rəmzinə çevrildi. Mövcud birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirdi”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev Trend-ə açıqlamasında qeyd edib ki, bütün sahələrdə olduğu kimi, ordu quruculuğundakı inkişaf da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

“Ümummilli Lider gözəl anlayırdı ki, suverenliyimizin, müstəqilliyimizin, sərhədlərimizin qorunması və xüsusən də doğma Qarabağımızın işğaldan azad edilməsi üçün ordunu gücləndirmək lazımdır. Ona görə də bu sahəyə diqqət xüsusi artırıldı, mümkün olan bütün addımlar atıldı və sonrakı dövrdə möhtərəm Prezidentimiz İlham Əliyevin də məlum siyasəti uğurla davam etdirməsi nəticə etibarilə həm Heydər Əliyevin, həm də Azərbaycan xalqının arzularını reallaşdırdı. Qarabağımız bizə qayıtdı. Qəhrəman ordumuz düşmən üzərində möhtəşəm qələbə qazandı”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusuna diqqət Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ən yüksək səviyyədə olub.

“Büdcədən müdafiə xərclərinə hər zaman böyükmiqyaslı vəsait ayırılıb. Daha sonrakı dövrlərdə isə paralel xətdə müdafiə sənayemiz də gücləndirilib, zavodlar ərsəyə gətirilib, ordumuz dünyanın ən güclü orduları sırasına öz adını yazıb. Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində öz tarixi missiyasını yerinə yetirib. 30 ildən sonra doğma və əzəli Qarabağımızı işğaldan azad edib. İndi biz rahat şəkildə Şuşaya, Qarabağın işğaldan azad edilən digər bölgələrinə səfər edə bilirik. İndi Cıdır düzündə Beynəlxalq tədbirlər keçirilir. İndi Qarabağımızda böyük quruculuq işləri gedir. Azərbaycan Ordusu bizim qürurumuz, şərəfimizdir. Silahlı Qüvvələr günü münasibətilə qəhrəman ordumuzu ürəkdən təbrik edirəm. Tanrı şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimiz isə var olsun, sağlam olsun”, - deyə E.Musayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti