...

Prezident İlham Əliyev: Müslüm Maqomayevin yaradıcılığı yaşayır və xalqımızın nəsil-nəsil nümayəndələri yaradıcılıqda zirvəyə ucalır

Siyasət Materials 17 Avqust 2022 23:50 (UTC +04:00)
Prezident İlham Əliyev: Müslüm Maqomayevin yaradıcılığı yaşayır və xalqımızın nəsil-nəsil nümayəndələri yaradıcılıqda zirvəyə ucalır

Trend-i buradan izləyin

Bakı. Trend:

Müslüm Maqomayevin yaradıcılığı yaşayır və xalqımızın nəsil-nəsil nümayəndələri yaradıcılıqda zirvəyə ucalır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Bu gün unudulmaz bir gündür. Bu gün səhər əziz Müslümün şəhərimizin ən gözəl yerlərindən birində - bulvarda abidəsini açdıq. Onu da bildirməliyəm ki, bu günə qədər bulvarda heç bir abidə olmamışdır. Birinci abidə Müslümün şərəfinə qoyulub və bu, təbiidir. Çünki bulvar şəhərimizin gözüdür. Bulvar Müslümün də ən sevimli yeri olmuşdur. Bu gün bu abidə bir daha onu göstərir ki, Azərbaycan xalqı Müslümü nə qədər sevirdi və o, bu sevgiyə nə qədər layiq idi.

Bu gün bizim incəsənət ustaları bizə gözəl bir hədiyyə bəxş etmişlər. Mən əminəm ki, bu konserti dinləyən hər kəs böyük zövq almışdır. Müslümün unudulmaz siması bir daha gözümüzün önündən keçdi. Onu yaxından tanıyanlar bir daha gördülər ki, o, nə qədər böyük sənətkar, nə qədər gözəl insan idi.

Bugünkü konsertin bütün iştirakçılarına təşəkkür etmək istərdim. Biz bu gün səhərdən Müslümün gününü qeyd edirik. Şəhərin ən gözəl yerində, Dənizkənarı Bulvarda, unudulmaz “Mavi əbədiyyət” mahnısında tərənnüm etdiyi, hamımızın çox sevdiyi Xəzər dənizinin fonunda Müslümün möhtəşəm abidəsi ucalır, onun gözəlliyini, istedadını, qamətini, məğrur simasını, ləyaqətini təcəssüm etdirir. Bu gün biz abidəni açarkən mən dedim ki, indi səslənən “Əlvida, Bakı” mahnısı vəfatından az öncə onun tərəfindən yazılıb və mən onu ilk dəfə Bakıda, Filarmoniyanın binasında keçirilən Müslümlə vidalaşma mərasimində dinlədim, o, mənə çox təsir etdi. Çünki o, şəhərlə, dostları ilə, həyatı ilə vidalaşırdı. Bu mahnını yazmağın ona necə çətin olduğunu, onun hansı hisslər keçirdiyini yalnız təxmin etmək olar. Əlbəttə, bu barədə danışarkən mən dedim, burada ucalan bu abidə onu göstərir ki, Bakı onunla heç vaxt vidalaşmayıb və heç bir zaman vidalaşmayacaq. O, bizimlədir.

Mən bizim ifaçılara təşəkkür etmək istəyirəm. Əminəm ki, bu gün Azərbaycan ifaçılarının gözəl səsləri hamımızı heyran etdi. Bu, bizim fəxrimizdir. Bu, onu göstərir ki, Müslümün yaradıcılığı yaşayır və xalqımızın nəsil-nəsil nümayəndələri yaradıcılıqda zirvəyə ucalır. Bu gün biz Müslümlə onun bütün həyatı boyu fəxr etdiyimiz kimi, bugünkü gözəl ifaçılarımızla da fəxr edirik.

Əlbəttə, mən dost ölkələrdən gələn bizim əziz, sevimli qonaqlarımıza xüsusi təşəkkür etmək istərdim. Bu gün bizimlə olduğunuza, Müslümə olan sevginizə, onun haqqında xatirələrinizə, ona münasibətinizə görə sizə təşəkkür edirəm. Bu gün unudulmaz gündür. Biz əziz dostumuzu, qardaşımızı, Azərbaycan xalqının böyük oğlunu bir daha xatırlayaraq deyirik ki, Müslüm həmişə bizimlədir. Bu gün Nani xanım bu barədə mahnı oxudu. Hörmətli Vaxtanq ölkəmizə həsr edilən gözəl mahnı və ecazkar popurri ifa etdi. Bu gün çıxış edən bütün ifaçılarımız Müslüm obrazından ruhlanmışdı.

Hamıya Allahdan cansağlığı, bütün ölkələrə, xalqlara firavanlıq arzu edirəm. Yaşasın Azərbaycan. Sağ olun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti