...

Praqa görüşü Cənubi Qafqazda sülh istiqamətində önəmli addım atıldığını söyləməyə əsas verir - Soltan Məmmədov

Siyasət Materials 7 Oktyabr 2022 17:22 (UTC +04:00)
Praqa görüşü Cənubi Qafqazda sülh istiqamətində önəmli addım atıldığını söyləməyə əsas verir - Soltan Məmmədov

Bakı. Trend:

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün nəticələri Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində önəmli addım atıldığını söyləməyə əsas verir.

Bunu “Trend”ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib. Görüşün yekununda qəbul olunmuş bəyanatın Azərbaycanın maraqlarına cavab verdiyini vurğulayan millət vəkili bildirib ki, bu bəyanat sülh sazişinin imzalanması prosesinin sürətləndirilməsini nəzərdə tutur.

Deputat vurğulayıb ki, Azərbaycanın danışıqlarla bağlı irəli sürdüyü prinsiplər beynəlxalq hüquqa istinad edir. Eyni zamanda, ölkəmizin yürütdüyü siyasət regionda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılmasını nəzərdə tutur: “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində siyasi iradə nümayiş etdirib, çoxsaylı təşəbbüs və təkliflərlə çıxış edib. Lakin Ermənistan tərəfi müxtəlif manevrlərlə prosesi ləngitməyə çalışır. Bunun hansı səbəblərdən irəli gəldiyi hər kəsə aydındır. Lakin müharibədən sonra bizim bölgəmizdə tamamilə fərqli reallıq yaranıb. Bu həm hərbi-siyasi, həm də beynəlxalq və iqtisadi amillərlə bağlıdır”.

Soltan Məmmədov qeyd edib ki, Praqada qəbul olunmuş bəyanatda Ermənistan və Azərbaycanın BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı təsbit olunub. Bu, əslində, uzun müddətdir Ermənistanın müxtəlif bəhanələrlə yayınmağa çalışdığı prinsipial məsələlərdən biridir: “Suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının və bir-birinin siyasi müstəqilliyinin qarşılıqlı tanınması ilə bağlı müddəa Azərbaycanın sülh prosesinə başlamaq üçün irəli sürdüyü 5 baza prinsipindən biridir. Bəyanatda bu məsələnin əks olunması onu deməyə əsas verir ki, sülh danışıqlarının vacib elementlərindən biri razılaşdırılıb. Bu, artıq Qarabağ məsələsinin Ermənistanla Azərbaycan arasında danışıqlarda müzakirə predmeti olmayacağını da təsdiq edir. Cənab Prezident də qeyd etmişdi ki, Azərbaycan bu məsələni heç bir halda heç bir ölkə ilə müzakirə etməyəcək”.

Deputat vurğulayıb ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır. Cənubi Qafqazda sülh və inkişaf dövrünün başlanması üçün kifayət qədər əlverişli imkan yaranıb. Azərbaycan bu imkanı düzgün dəyərləndirməyi və regionun tarixində yeni bir səhifə açmağı təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti