...

Qanunların icrasına nəzarət mexanizmi gücləndirilməlidir - Afət Həsənova

Siyasət Materials 26 Yanvar 2023 16:03 (UTC +04:00)
Qanunların icrasına nəzarət mexanizmi gücləndirilməlidir - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə qəbul edilən qanunların icrasına nəzarət mexnizmi gücləndirilməlidir.

Trend-in məlumatına görə, bunu deputat Afət Həsənova Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deyib.

A.Həsənova bildirib ki, Milli Məclisdə qanunlar qəbul edilir, qanunlara dəyişikliklər edilir, müxtəlif məsələlər qaldırılır, təkliflər səsləndirilir. Ancaq qəbul edilən qanunların icrasına nəzarət mexanizmi də gücləndirilməlidir.

"Biz bilməliyik ki, qaldırılan məsələlərin, verilən təkliflərin neçə faizi icra olunur, neçə faizi icra olunmur. Misal üçün, biz parlamentdə polietilen paketlərlə bağlı qanuna dəyişiklik qəbul etdik. Ancaq hələ də polietilən paketlər satışda var. Bu cür hallar, yəni qanunların tam icra olunmaması Milli Məclisin nüfuzuna xələl gətirir. Hesab edirəm ki, qanunların icra mexanizminə nəzarət gücləndirilməlidir. Bununla bağlı müzakirələr aparılmalıdır və lazımi tədbirlər görülməlidir”, - deyə deputat bildirib.

Komitə sədri Sadiq Qurbanov da A.Həsənovanın təklifini dəstəkləyərək müvafiq müzakirələrin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayında Milli Məclisdə “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edilərək Azərbaycanda polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət qoyulub.

Layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb. Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətləri nəzərdə tutur.

Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti