Bakı. Trend:
Müstəqilliyimizi tanıdığı 1991-ci il dekabrın 25-dən sonra Azərbaycan ilə İsrail dövləti arasında münasibətlər həmişə müsbət istiqamətdə inkişaf edib. Son illər Azərbaycanla İsrail arasında təşkil olunan qarşılıqlı səfərlər, ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr, eləcə də ölkəmizin Təl-Əvivdə səfirliyinin açılması münasibətlərimizi yeni mərhələyə qədəm qoyuğunu göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bir çox məsələlərə toxunmuşdur.
Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin artdığını bildirən cənab Prezident qeyd etmişdir ki, hazırda icarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Lakin, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə ehtiyac var. Həyata keçirilməsi planlaşdırdırılan birgə layihələr nəticəsində daha balanslaşdırılmış ticarət dövriyyəsi olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq.
Səfər çərçivəsində önəmli əməkdaşlıq müqaviləsi bağlanmışdır. 30 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.
Perspektiv əməkdaşlıq istiqamətləri kimi irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələrin reallaşdırılacağı nəzərdə tutulur. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir. Yeni əməkdaşlıq sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmaslara başlanılıb. Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələrinin mövcud olduğu bildirilmişdir. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da ölkəmizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.
Dövlət başçımız çıxışında ölkəmizdə yaşayan yəhudi icmasının üzvlərinin dövlətimizin inkişafına verdiyi töhfələrdən də bəhs etdi. Uzun illərdir bu xalqın nümayəndələri Azərbaycanda sülh və dostluq şəraitində yaşayırlar, buranı özlərinə vətən bilirlər. Həm Birinci Qarabağ, həm də 44 günlük Vətən müharibəsində onlar öz qəhrəmanlıqları ilə yadda qaldılar. Həmçinin ölkəmizin hərtərəfli inkişafında yəhudi icması üzvlərinin xidmətlər danılmazdır. Azərbaycan-İsrail münasibətlərinin bu səviyyəyə yüksəlməsində həm ölkəmizdə olan yəhudi icmasının, həm də dost ölkədə yaşayan azərbaycanlıların böyük əməyi olub.
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri aparılan müzakirələr, imzalanmıç sənədlər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir və əlaqələrimizin dinamik inkişafına yeni təkan verəcək, iki ölkə arasında dostluq münsibətlərini daha da möhkəmləndirəcək.
Milli Məclisin deputatı
Rauf Əliyev