Ermənistanın hakimiyyət dairələri sülh sazişini arzuladıqlarını desələr də, əməlləri tam əksini göstərir. Paşinyan və komandası dərk edə bilmir ki, vəziyyətin gərginləşməsi ermənilərə yaxşı heç nə vəd etmir.
“Nikol Paşinyan və ona yaxın dairələr aqressiv şəkildə anti-Rusiya təbliğatı aparır, bu istiqamətdə müvafiq addımlar atır. Hədəf “Bolton planın”ın reallaşdırılması və Ermənistanı anti-Rusiya və anti-İran meydançasına çevirməkdir”.
Rusiyadak erməni icmasının əsas qəzeti olan "Yerkramas" belə yazır.
Nəşrin iddiasına görə, Ermənistanın baş naziri Nikol Paşinyan Qərb və Türkiyənin planlarını reallaşdırmağa çalışır.
“Bu plan da Qarabağdan sülhməramlıların çıxarılması və Gümrüdəki Rusiya hərbi bazasının qapadılmasıdır. Bu, sonda Sünikin (Zəngəzur) əldən çıxmasına gətirib çıxaracaq”, - deyə xəbərdə bildirilir. Erməni nəşri əlavə edir ki, Paşinyanın planı Sünikin süqutuna hesablanıb.
İndi müşahidə olunan situasiyanın səbəblərini anlamaq üçün Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün ölkə parlamentində 44 günlük İkinci Qarabağ Müharibəsi ilə bağlı xüsusi komissiyasındakı çıxışına nəzər salmaq gərəkdir.
Paşinyan deyib: "Oktyabrın 1-də günortadan sonra mənim Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığım oldu və o, Rusiyanın illər əvvəl işləyib hazırladığı plan əsasında müharibələri dayandırmağa cəhd etməyin mümkün olduğunu təsdiq etdi. Və şərtlər belə idi:
1. 5+2 düsturuna əsasən 7 rayon geri qaytarılır
2. Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizi boyunca kommunikasiyanın təmin edilməsi məsələsi həll olunur
3. Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşdirilir
4. Dağlıq Qarabağın statusu qeyri-müəyyən olaraq qalır
Putinlə razılaşdıq ki, axşam öz mövqeyimizi bildirəcəyəm. Günün ikinci yarısında parlamentdənkənar müxalifət nümayəndələri ilə görüşdüm. Daha sonra prezidentin, katolikosun və parlament qüvvələrinin nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurası çağırıldı. Bu zaman mən zəng edib Putinin təklifini qəbul etdiyimi bildirmək fikrində olduğumu dedim. Eyni zamanda dedim ki, mən orada olanlardan kiminsə bu qərara görə məsuliyyəti mənimlə bölüşəcəyini gözləmirəm, sadəcə olaraq onlara gedən proseslər barədə məlumat verdim. Parlamentdənkənar qüvvələrlə görüşdə dedim ki, mən onları dəvət etmişəmö Düşünürəm ki, onlara məlumat verməklə mən də ictimaiyyəti məlumatlandırıram, çünki canlı yayımda insanlara hər şeyi deyə bilmərəm.
Axşam Putinə zəng edib dedim ki, bu şərtlərlə müharibəni dayandırmağa razıyam. Rusiya prezidenti dedi ki, İlham Əliyevlə danışacaq, mənə zəng edəcək. O zaman 2 rayon praktiki olaraq Azərbaycanın nəzarətində idi. Ertəsi gün, oktyabrın 20-də səhər saatlarında Putin zəng edərək dedi:
1. Azərbaycan 7 rayonun hamısını alarsa, müharibəni dayandırmağa razıdır. Və yeni bir tələb var:
2. Azərbaycan, Azərbaycanın məlumatına görə, şəhər əhalisinin 90 faizini təşkil edən Şuşanın azərbaycanlı sakinlərinin Şuşaya qaytarılmasına zəmanət almaq istəyir.
Rusiya üçün bu, məqbul həll idi, çünki onlar deyirdilər ki, uzun illər əvvəl müzakirə olunan münaqişənin həlli planında həmişə qaçqın və köçkünlərin Dağlıq Qarabağa qayıtması ilə bağlı bənd daxil edilib.
Bu bənd ortaya çıxanda soruşdum ki, Azərbaycanın fikrincə, bu təminatlar necə olmalıdır? Və məlum oldu ki, mən bəyan etməliyəm ki, azərbaycanlıların Şuşaya və Dağlıq Qarabağın digər yaşayış məntəqələrinə qayıtmasına razıyam. Putin təklif edib ki, bu məsələ Dağlıq Qarabağın statusu ilə bağlı qalsın. Yəni azərbaycanlıların Dağlıq Qarabağa qayıtması statusun müzakirəsi kontekstində müzakirə olunur. Razılaşdım, lakin Azərbaycan statusla bağlı heç nəyi müzakirə etmək fikrində olmadığını bildirərək bu təklifi rədd etdi. Üstəlik, indiki təklifə görə, təkcə Şuşa azərbaycanlılarının deyil, bütün rayonların azərbaycanlılarının Şuşaya birbaşa və maneəsiz çıxışı olmalıdır".
O, daha sonra söyləyib: "Arayik Arutyunyan Azərbaycanın Zarıslıda erməni müdafiəsini yarıb Laçın-Şuşa yoluna çıxdığı barədə xəbər verdi. Lakin Baş Qərargah nəinki bunu təsdiq etdi, əksinə təkzib edib. Belə hal müharibə zamanı dəfələrlə olub. Baş Qərargah Arutyunyanın məlumatının doğru olduğunu etiraf etdikdən sonra Şuşanın süqutu başladı".
Nikol Paşinyanın açıqlamalarından bunca böyük iqtibas gətirməyimizin səbəbi Ermənistanın baş nazirinin bəyanatlarının təqdimatı yox, 44 günlük İkinci Qarabağ Müharibəsi günlərində ermənilərin silahlı qüvvələrində, yəni ordularında yaşanan idarəetmə xaosu, komanda-qərargah hərcmərcliyi və aşkar sabotajla diversiyaların mövcudluğunun sübutudur.
Vəziyyət o həddə çatmışdı ki, Ermənistan ordusunun Baş Qərargah rəisi və onun müavinləri açıq-aşkar şəkildə Paşinyanı aldadır, ona "nikbin", yəni yalan məlumatlar verirdilər.
Azərbaycan Ordusunun ağır zərbələri altında geri çəkilən ermənilərin qaçışı "taktiki yerdəyişmə, yeni hücuma hazırlıq" kimi qələmə verilirdi.
Bu gün Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədindəki atışmaların, mövqelərimizin atəşə tutulmasının da əsas səbəbləri arasında məhz qeyd etdiyimihz məqamlar yer alır.
Şərti dövlət sərhədinin az qala bütün perimetri boyunca Ermənistan hərbçilərinin davranışı aşkar vakxanaliya, başıpozuqluq kimi də dəyərləndirilə bilər. Çünki Nikol Paşinyan dəfələrlə bəyan edib ki, "orduya inanmaqda çox böyük səhv edib" və sözügedən ifadə Ermənistan Silahlı Qüvvələrində müxtəlif rəqib düşərgələrin, qrupların və dəstələrin formalaşdığını göstərir.
İfrat siyasiləşən, "Silahlı Qüvvələr" adlansa da, 44 günlük İkinci Qarabağ Müharibəsində məruz qaldığı darmadağından hələ də özünə gəlməmiş erməni hərbçilər volüntarist generallar tərəfindən idarə olunur.
Erməni generallar ən müxtəlif dövlətlərin müvafiq strukturlarından alınan əmrləri icra edirlər ki, bu da Nikol Paşinyan hakimiyyəti üçün ciddi təhdiddir.
Rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişinin imzalanmasında ifrat maraqlı olduğunu, regional kommunikasiyaların və nəqliyyat infrastrukturunun bərpasını arzuladığını desə də, danışıqlar prosesini aşkar sabotaj edərək müzakirələrdə ətalət müşahidə olunur. Daha doğrusu, Vaşinqton və Brüssel müzakirələrindən sonra danışıqların Moskva formatında davamı, daha sonra Kişineudakı danışıqlar prosesdə gözlənilən sürətlənmə yaratmadı.
Tam əksinə, Ermənistan indi yeni və absurd şərtlər irəli sürür, qarabağlı ermənilərin "huquq və təhlükəsizliklərinin təminatı üçün beynəlxalq mexanizmlərə zərurət duyulduğunu" vurğulayaraq Azərbaycanın daxili işlərinə kobud müdaxilələrə can atır.
Mövqelərimizin az qala sürəkli atəşə tutulmasının, Ermənistanın hərbi təxribatlarının və diversiyalarının intensivləşməsi, bu "hadisə"lərə Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdəki silahlı separatçıların da qoşularaq əsgərlərimizə atəş açmaları, uzunmüddətli müdafiə məntəqələri yaratmağa çalışmaları və s. - bütün bunlar eyni istiqamətdəki olaylardır.
İrəvan aşkar həyasızlıq edir, feyk məlumatlar yayır, dezinformasiyanı propaqandaya çevirir.
Məsələn, Ermənistandak Arazdəyən kəndində ABŞ şirkətinin inşa etməyə başladığı metallurgiya zavodunun güya "Azərbaycan əsgərləri tərəfindən atəşə tutulması və bu zaman 2 Hindistan vətəndaşının yaralanması" barədə xəbər birmənalı olaraq yalandır.
Çünki Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyası bu "fakt"ı qeydə almayıb, ABŞ və Hindistan rəsmi Bakıya nota verməyib.
Ermənistan hərbçilərinin Həkəri çayı üzərində, Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsini (SNBM) atəşə tutmalarına gəldikdə isə, İrəvanın diversiyasının motivləri asanlıqla təyin olunur.
SNBM-də Ermənistana yollanana qarabağlı ermənilərin uzun-uzadı növbələr tutması və bu axınını səngiməməsi Ermənistanın hakimiyyət dairələri üçün bir sıra ideoloji-propaqanda şüarlarının puç olması deməkdir.
Azərbaycanlı sərhədçilərin qayət normal davrandıqları qarabağlı ermənilər kütləvi şəkildə Ermənistana yollanırlar. Daha doğrusu, qaçırlar.
Bu, RSK-nın müvəqqəti nəzarətindəki ərazilərdə erməni sakinlərinin sayının azalması, demoqrafiyanın Ermənistanın maraqlarına zidd şəkildə dəyişməsi deməkdir.
Rəsmi İrəvanın, dünyanın müxtəlif ölkələrindəki erməni diaspor təşkilatlarının, habelə Ermənistana tam dəstək verən Fransa və İranın gündəmdən çıxarmadıqları "aksiom"lar arasında "on minlərlə qarabağlı ermənilərin təhlükəsizliyinin təminatı", "qarabağlı ermənilərin ordusunun müdafiə məqsədli olması" və bu kimi absurdlar var.
Qarabağlı ermənilərin kütləvi köçü isə həmin absurd hüarları tam əsassız edir, "beynəlxalq mexanizmə zərurət"i tragikomediyaya çevirir, "qarabağlı ermənilərin ordusu" adlandırılan başıpozuq və vahid komandanlıqdan məhrum dəstələrdən ibarət diversant qruplarının bundan sonra da indiki səviyyədə maliyyələşdirilməsini tamamilə mənasız edir.
Qarabağlı ermənilərin sayı kəskin azalarsa, "mübarizə və status məsələləri" də sürətlər arxivə doğru yönəlir.
Məhz bu səbəbdən Ermənistan rəhbərliyi bütün vasitələri işə salaraq Laçındakı SNBM-in bağlanmasına nail olmaq istəyirdilər.
Sərhədçilərimizin atəşə tutulması həmin ssenarinin tərkib hissəsi idi.
Bundan başqa, Ermənistanın hakimiyyət dairələri ABŞ və Rusiyanın bölgədəki maraqlarının, hədəflərinin, prioritet və məqsədlərinin diametral fərqli olduğunu bilirlər. ABŞ üçün indi ümdə məsələ Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasıdırsa, Rusiya Federasiyası əsas hədəf qismində Zəngəzur dəhlizi layihəsinin istifadəyə verilməsini və regional nəqliyyat kommunikasiyalarının açılmasını görür.
Geosiyasi maraqlar toqquşduğundan Nikol Paşinyana sərt pressinq edən ABŞ yaıqn müddətdə Rusiyanın Ermənistana təsir imkanlarını minimuma endirilməsinə, Gümrüdəki 102-ci bazanın çıxarılması çalışırsa, Rusiya da sülz sazişinin imzalanması prosesinin dalana dirənməsinə çalışır.
Bölgədəki proseslərə müdaxilələrlə bağlı destruktiv cəhdlərin davam edəcəyi, Ermənistanın absurd tələbləri və şərtləri sıralayaraq sülh sazişi imzalamaqdan boyun qaçırmağa və qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyasına yönəlmiş prosesin sabotajına yönəlmiş fəaliyyətini davam edərsə, Bakının problemləri birmənalı, birdəfəlik olaraq həll etməkdəne savayı çıxış yolu qalmayacaq.
Bu da Ermənistanla ermənilərə nədər vəd edir - özləri yaxşı düşünsünlər.