Bakı. Trend:
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başlayıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Daşkənd
vilayətinin Çirçik poliqonunda keçirilən birgə təlimin birinci
mərhələsində Azərbaycan və Özbəkistan hərbi qulluqçuları xüsusi
döyüş fəaliyyətlərinin təşkili və planlaşdırılması üzrə
tapşırıqları kompüter və xəritə üzərində icra ediblər.
Təlimin əsas məqsədi qarşılıqlı təcrübə mübadiləsinin aparılması,
hər iki dövlətin hərbi qulluqçularının qarşılıqlı əlaqədə
fəaliyyətinin təşkili, həmçinin qərargah zabitlərinin xəritə
üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, onların
peşəkarlıq və hazırlıq səviyyəsinin daha da yüksəldilməsidir.