...

Azərbaycan bu gün regionun sülh və əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir - Vüqar Rəhimzadə

Siyasət Materials 3 Avqust 2023 19:15 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyevin yerli və xarici mətbuata müsahibələrinin hər biri Azərbaycanın dünəni, bu günü və gələcəyi, eyni zamanda, tarixi həqiqətləri ilə bağlı zəngin məlumatların dünyaya çatdırılmasında böyük rola malikdir.

Trend xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 49 ölkəni təmsil edən 150 xarici media nümayəndəsinin iştirakı ilə keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibəsi hazırda ölkə və dünya mətbuatında geniş işıqlandırılır:

"Həm işğal, həm 44 günlük İkinci Qarabağ müharibəsi, həm də postmünaqişə dövrünün reallıqları barədə dünya ictimaiyyətini məlumatlandıran Prezident İlham Əliyevin dünyada ikili standartlara əsaslanan siyasətinin daha aydın şəkildə özünü büruzə verdiyi bir zamanda Azərbaycan dövlətinin ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini nümayiş etdirməsi bir daha müstəqil siyasətimizin uğuru kimi dəyərləndirildi.

Prezident İlham Əliyevin fikirlərində bu məqam xüsusi yer aldı ki, tarixi Zəfərimizdən sonra vəziyyətin fərqli olacağını düşünürdük. Azərbaycan sülh üçün hazır idi. Beynəlxalq iştirakçılardan müəyyən yeni təkliflər gözləsək də, bir növ boşluğun olduğunu, heç kəsin nə etməyi bilmədiyini gördük.

O da məlumdur ki, tarixi Zəfərimizdən sonra Azərbaycan dövləti 28 ildə fəaliyyətsizliyi ilə diqqətdə olan, uğursuz missiyasını yalnız Ermənistana dəstəkdə görən keçmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən yeni təkliflər gözlədi. Lakin 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də həmsədr ölkələr seyirçi mövqedə dayanmağa daha çox üstünlük verdilər. Belə olan təqdirdə ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac var idimi?

Azərbaycan elan etdi ki, sülh sazişi imzalanmalıdır. Ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlədən bəzi dünya gücləri ölkəmizin sülh təklifini böyük narahatlıq hissi ilə qarşıladılar. Azərbaycan beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsini təklif etdi. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn məlum prinsipləridir.

Prezident İlham Əliyev sözügedən müsahibəsində bir daha bu reallığı diqqətə çatdırdı ki, biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq".

Vüqar Rəhimzadə qeyd edib ki, ermənilər işğal dövründə olduğu kimi, postmünaqişə dövründə də ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür, qeyri-ciddi bəyanatları ilə diqqəti yayındırmağa çalışırlar. Hazırda dünyanın ikili standartlara əsaslanan siyasətini daha qabarıq şəkildə nümayiş etdirən Laçın yolunda vəziyyətlə bağlı ermənilərin apardıqları yalan təbliğata diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev müsahibədə bir daha bu reallıqları əsaslı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Laçın yolunda hərəkət azadlığı bloklanmayıb.

Aprelin 23-də, yəni sərhəd keçid məntəqəsinin qurulduğu vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. İyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı. Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, "iPhone"lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Lakin bu yük maşınlarının, sürücülərin uniformaları üzərində Qırmızı Xaçın emblemləri var idi.

Bu faktlar Ermənistanın “humanitar vəziyyət”, “blokada” kimi şoularının hansı məqsədə xidmət etdiyini açıqlayır. İşğalçı dövlət hər vəchlə sülh müqaviləsinin imzalanması prosesinin uzadılmasına səy göstərir. Prezident İlham Əliyev qeyd edilən müsahibəsində bu çağırışı etdi: “Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi, əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik”.

Baş redaktor Prezident İlham Əliyevin Ermənistandakı ermənilərə mesajlarına da diqqəti yönəldib:

"Hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. 44 günlük İkinci Qarabağ müharibəsi bu hekayələri məhv etdi. Azərbaycan nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmir. Qarabağdakı ermənilərə gəldikdə isə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Onlar başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar".

Vüqar Rəhimzadə diqqəti Prezident İlham Əliyevin “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi” fikirlərini böyük qürur hissi ilə qeyd etməsinə yönəldərək bildirib ki, Prezident İlham Əliyev bu missiyanı qətiyyətlə yerinə yetirdi. Ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi. Azərbaycanın 30 illik işğala 44 gündə son qoyması malik olduğumuz imkanların təqdimatı oldu. Eyni zamanda, postmünaqişə dövrünün mühüm reallığı olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bir daha ölkəmizin bu torpaqların əzəli-əbədi sahibi olduğunu və ərazilərimizin tezliklə əvvəlki şöhrətinə qayıtmasının uzaqda olmadığını göstərir.

Prezident İlham Əliyev müsahibəsində “Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur… Biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq” söyləməklə əsas hədəfin məhz sülh müqaviləsinin imzalanması olduğunu açıqladı. Azərbaycanın sülh təklifi zəiflik anlamına gəlməməlidir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik".

Baş redaktor belə bir ümumiləşdirməni aparıb ki, Prezident İlham Əliyevin sözügedən müsahibəsində söylədiyi fikirlər müxtəlif məqamları özündə ehtiva edən sualların Ermənistana və ona havadarlıq edən dövlətlərə ünvanlanması ilə diqqətdə oldu. Hər bir sual özündə gələcəklə bağlı müəyyən məsələlərin müzakirəsini aktuallaşdırır. Bu isə öz növbəsində ölkəmizin ədalətin və beynəlxalq hüququn yanında olmasından, hər bir məsələnin bu çərçivədə həllinə marağından irəli gəlir. Azərbaycan bu gün regionun sülh və əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti