Bakı. Trend:
Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi ölkəmizin artan iqtisadi gücünün və siyasi nüfuzunun növbəti əyani təzahürü oldu.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova əlavə edib ki, Prezident İlham Əliyevin şəxsi nüfuzu və yürütdüyü müdrik siyasəti nəticəsində qazanılan uğurlar Azərbaycanı beynəlxalq aləmdə ciddi aktora çevirib:
"Hazırda Azərbaycan SPECA-ya sədrlik edir və bu il, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür.
Onu da xüsusi vurğulamalıyıq ki, Azərbaycan beynəlxalq təşkilatlara, proqramlara uğurlu sədrlik etmək modelini formalaşdırıb. Bu gün nəzər salsaq, Qoşulmama Hərakatının sədri, BMT TŞ-nin qeyri-daimi üzvü kimi Azərbaycan beynəlxalq məsələlərin həllinə ciddi töhfə verib. Xüsusilə Qoşulmama Hərakatının sədri kimi Azərbaycan təşkilatın nüfuzunun, təsir gücünün artırılmasında birbaşa rol oynayıb”.
S.Mikayılova qeyd edib ki, SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək.
“Qeyd etməliyik ki, Azərbaycanın SPECA-ya üzvolan digər dövlətlər - Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstanla siyasi-iqtisadi əlaqələri inkişaf etməkdədir. Bu dövlətlərin dördünün TDT-yə üzv olduğunu da nəzərə alsaq, Azərbaycanın bu ölkələrlə sıx münasibətinin olması anlaşılandır. Əlbəttə, iqtisadiyyatın inkişafı ilk növbədə siyasi sabitliklə bağlıdır”, - deyə o əlavə edib.
S.Mikayılova bidlrib ki, Azərbaycanın formalaşdırdığı təlükəsizlik mühiti və tranzit imkanlar da ölkəmizə iqtisadi marağı artırır:
"Bununla bərabər olaraq, Azərbaycan son illərdə nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və bunun müsbət geridönüşünü alır. Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələrinin qovşağında yerləşməsi isə ölkəmizə əlavə investisiya cəlb etməyə imkan verir. Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.
Eyni zamanda, Azərbaycanın bu il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri ilə “boz zona”lar aradan qaldırılıb. Ölkə ərazisində tam təhlükəsiz şərait formalaşdırılıb. Bu, Azərbaycanla iqtisadi əməkdaşlıq edən dövlətlər tərəfindən xüsusi önəmlə qarşılanır”, - deyə o əlavə edib.