...

Bu amil azərbaycançılıq ideologiyasının nə qədər mükəmməl olduğunu təsdiqləyir - ŞƏRH

Siyasət Materials 1 Fevral 2024 14:23 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin 20 illik rəhbərliyinin zirvəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.

Bunu Trend-ə açıqlamasında deputat Nizami Cəfərov deyib.

O bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasında, separatizmə son qoyulmasında Prezidentimizin polad iradəsi müstəsna əhəmiyyət kəsb edir.

"Erməni işğalına və separatizminə qarşı Azərbaycan xalqının hərbi, ictimai, siyasi mübarizəsində Ali Baş Komandan İlham Əliyevin mövqeyi, bəyanatları, dediyi söz son dərəcə mühüm rol oynadı. Dövlət başçısının timsalında həmişə vaxtında, kifayət qədər mürəkkəb hadisələrin, gərgin, qaynar, ideoloji cəhətdən zəngin proseslərin mahiyyətini böyük analitik istedad və intellektlə ortaya qoyan mövqeyi, başlıcası isə Xalq-Prezident-Ordu birliyi uzun illər davam edən problemə son qoydu. Ali Baş Komandanımızın iradəsi ilk növbədə onunla əlamətdardır ki, bir xalqın taleyini həll edən prosesləri yönəltməklə, milli ruhu mərkəzləşdirib, həqiqətən dəmir yumruğa, sarsılmaz mənəvi qüvvəyə çevirməklə öz tarixi missiyasını uğurla həyata keçirdi", - o deyib.

Deputat qeyd edib ki, Azərbaycan xalqı Prezidentimizin bütün sahələr üzrə uğurlu siyasətini görür və daim dəstəkləyir.

"İndiyə qədər keçirilən seçkilərdə cənab İlham Əliyevin parlaq qələbələr qazanması məhz xalqımızın ona olan yüksək inamının ifadəsidir. Bu baxımdan, fevralın 7-də keçiriləcək Prezident seçkilərində də cənab İlham Əliyevin qələbə qazanacağı şübhəsizdir.

Prezident İlham Əliyevin siyasətində daim dövlət və milli maraqlarımız qəti şəkildə qorunur. Bu baxımdan, ən təqdirolunası məqamlardan biri dövlətimizin başçısının türk dövlətləri və xalqlarının birliyinin gücləndirilməsi istiqamətində göstərdiyi səylər və təşəbbüslərdir. Çünki qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib.

Türk dövlətlərinin, xalqlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqe nümayiş etdirməsi, erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması Azərbaycanın ən çox səy göstərdiyi məsələlərdəndir. Dövlətimizin tarixi və siyasi baxımdan bizə yaxın olan türk respublikaları ilə ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsi təşəbbüsləri də məhz bu məqsədə xidmət edir. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətləri ilə əlaqələrin daha böyük coğrafi arealda genişləndirilməsinə çalışmaqla bütövlükdə türk dünyasının rəğbət bəslədiyi birləşdirici lider statusunda çıxış edir. Bu əzmkar fəaliyyət bütövlükdə türk xalqlarının dünya siyasətindəki tarixi yerini, beynəlxalq proseslərə təsir imkanlarını və nüfuzunu təmin etməyə yönəlmiş mühüm və tarixi missiyadır. Məhz bu siyasətin nəticəsidir ki, türk birliyi son illər daha da güclənib və bu proses irəliyə doğru getməkdədir. Bu uğurun əldə olunmasında Azərbaycan Prezidentinin müstəsna xidmətləri var.

Azərbaycan xalqı və dövləti tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsinin dünya miqyasında çox müxtəlif ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində üç tamamilə humanist dəyər komponenti ifadə olunur. Bunlar etnik mənsubiyyət, dini mənsubiyyət və dünyəvi mənsubiyyətdir. Bu ideologiyada öz əksini tapmış fəlsəfədə, eləcə də onun mənsub olduğu xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm var. Azərbaycan xalqı da dünyanın digər xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşünə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir. Tarixi taleləri elə gətirib ki, azərbaycanlıların bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ona görə də əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin – dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi heç bir alternativ qəbul etməyən bir zərurət olub azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu bütövləşdirən konseptual hadisədir.

Bu gün Prezident İlham Əliyev tərəfindən azərbaycançılıq ideologiyasının daha da gücləndirilməsi nəticəsində ölkəmizdə yaşayan bütün xalqlar bu ideologiya ətrafında sıx birləşib. Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri cənab İlham Əliyevi dəstəkləyir və onu öz Lideri olaraq qəbul edirlər. 44 günlük Vətən müharibəsi zamanı biz bunu bir daha aydın şəkildə gördük. Müharibə zamanı bütün xalqların nümayəndələri cənab İlham Əliyevin çağırışı ilə vahid yumruq kimi birləşdilər. Təbii ki, bu amil azərbaycançılıq ideologiyasının nə qədər mükəmməl olduğunu təsdiqləyir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti