Bakı. Trend:
Prezident seçkilərində Azərbaycan xalqı birliyini nümayiş etdirdi.
Trend-in cümə axşamı verdiyi məlumata görə, bu barədə jurnalistlərə Ukrayna Ali Radasının deputatı Valeri Kolyux bildirib.
"Azərbaycanda keçirilən Prezident seçkilərində təşkilatçılıq ən yüksək səviyyədə oldu, seçici fəallığı yüksək səviyyədə idi. Bu Prezident seçkilərinin Azərbaycan üçün unikallığı ondan ibarətdir ki, müstəqillik əldə ediləndən bəri bütün ölkədə, o cümlədən Qarabağda seçkilər keçirilib. Prezident seçkilərində Azərbaycan xalqı birlik nümayiş etdirdi, dövlətinizə firavanlıq və Qarabağın tezliklə bərpasını arzulayırıq”, - deyə o vurğulayıb.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.