Bakı. Trend:
Azərbaycanda keçirilən Prezident seçkilərində çox yüksək fəallıq olub.
Bu barədə Trend-ə Azərbaycanda keçiriləcək prezident seçkilərinə beynəlxalq müşahidəçi qismində gəlmiş Türk Dövlətləri Təşkilatının (TDT) katibliyinin əməkdaşı Dastan Urmanbetov deyib.
"Biz səsvermə günü seçki məntəqələrində yüksək fəallıq müşahidə etdik. Xüsusilə 20-dən çox məntəqədə olduq və səsvermədə iştirak etməyə hazır olan çoxlu sayda insan gördük. Bəzi yerlərdə, hətta küçələrdə növbələr yaranmışdı" , - deyə o, bildirib.
Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı dünən Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.
Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.
“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini də elan edib. İlkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin növbəti nəticələri də Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunub.
MSK sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
Əlavə edək ki, ötən gün - 7 fevral Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.