...

Rusiya XİN Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışladı

Siyasət Materials 9 Fevral 2024 17:56 (UTC +04:00)
Rusiya XİN Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Azərbaycanda Prezident seçkilərinin uğurla keçirilməsini alqışlayır.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ən yüksək səviyyədə üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsinə sadiqdir”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs veriblər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edib. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edib.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edib. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti