Bakı. Trend:
Luiss Universiteti və ADA Universiteti arasında səmərəli dialoq 2019-cu ildə başlayıb və İtaliya-Azərbaycan Universiteti təşəbbüsü ilə bağlı ADA və beş İtaliya Universiteti arasında Anlaşma Memorandumunun imzalanması ilə nəticələnib.
Trend xəbər verir ki, bunu Luiss Universitetinin Hüquq Fakültəsinin Prezidenti professor Paola Severino bildirib.
Paola Severino deyib ki, İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Luiss Universiteti ilə əməkdaşlıq sahələrinə Sosial Elmlər, xüsusilə Qlobal Menecment, Politologiya və "Made in Italy" təcrübəsinin öyrənilməsi daxildir.
Əsas məqsəd ADA ilə birlikdə ikili diplomlu innovativ və multidissiplinar akademik proqram tərtib etmək olmuşdur. Bu proqramın bir hissəsi "Made in Italy" keyfiyyət nişanının təcrübəsini öyrənməyə və bu təcrübə əsasında tələbələrə “Made in Azerbaijan” keyfiyyət nişanını idarə və təbliğ etmək bacarıqlarını tədris etməyə həsr olunacaqdır.
“İtaliya və Azərbaycan arasında tələbə, professor-müəllim heyəti və işçi heyətinin ünsiyyəti akademik müstəvidə mübadilə üçün münbit şərait yaradır. Bu şərait Luiss-in sorğuya əsaslanan tədris modeli və tələbələrə dəstək mexanizmini təmin edən təlimçi xidməti (tutorship) kimi qabaqcıl təcrübəsindən birgə faydalanmağa imkan verir.
Luiss Universiteti və ADA Universiteti arasındakı akademik əməkdaşlığın uzunmüddətli perspektivdə magistratura pilləsindən doktorantura pilləsinə genişlənməsi nəzərdə tutulur. Zənnimizcə bu, tədris və tədqiqat arasında əlaqə yaratmaqla yanaşı tədqiqat metodologiyaları istiqamətində mübadiləyə müsbət təsir göstərəcəkdir. Akademik proqramlardan əlavə, əməkdaşlığımız professor-müəllim heyətinin təlimi, akademik məsləhətçilər və inzibati işçilərin mobilliyini əhatə edir. Bütün bunlar iki akademik qurum arasında baxış və tədris metodologiyalarını uyğunlaşdırmaq məqsədi güdür. Gələn həftədən etibarən ADA Universitetinin bir qrup işçi heyəti Luiss Universitetində üç həftəlik təlim proqramını keçməyə başlayacaqdır. Oktyabr ayında isə bir qrup ADA professor-müəllim heyəti Luiss Universitetinə səfər edərək "Made in Italy" üzrə Luiss mütəxəssislər komandasının təşkil etdiyi təlimlərə qoşulacaqdır.
Luiss Universitetinin Hüquq Fakültəsinin Prezidenti qeyd edib ki, hazırda İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində fəaliyyət göstərən akademik proqram ikili diplomlu Qlobal İdarəetmə və Siyasət (GMAP) – Made in Azerbaijan proqramıdır. Bu proqram, həm dövlət, həm də qeyri-dövlət təşkilatlarında mürəkkəb qlobal məsələlərə təsirli şəkildə yanaşma qabiliyyətinə malik mütəxəssislər yetişdirmək məqsədi daşıyır: “Proqram tələbələrə sosial elmlərdə güclü təməl qazandırmaqla yanaşı, müasir və mürəkkəb biznes mühitində müvəffəqiyyət qazanmaq və qlobal çağırışlara qərarlı şəkildə cavab verməyə hazırlayır.
GMAP akademik proqramı yuxarıda bildirildiyi kimi, Made in Azerbaijan həmçinin Made in Italy modelinə fokuslanmış modulları da əhatə edir. Luissin tətbiq etdiyi sorğu əsaslı təhsil modeli tələbələrə imkan verir ki, şirkətlər və təşkilatlar ilə praktik planlar və işlər barəsində müzakirələr aparsın və birgə layihələr hazırlasın. Bundan əlavə, bu proqramın məzunları Luiss Alumni (Luiss Məzunları) şəbəkəsindən olan yüksək səviyyəli akademiklər və tanınmış mütəxəssislərlə qarşılıqlı əlaqə qurmaq şansı əldə edəcəklər. Bu proqram 2023-cü ildə, akademik əməkdaşlıq barədə ikitərəfli sazişlərin imzalanması mərasimindən cəmi bir il sonra fəaliyyətə başlayıb. Proqramın ilk ilində dərslər Bakıda, əksərən Luiss professorları tərəfindən tədris edilmişdir. 2024-cü ilin yayında bu proqramın tələbələri Romada "Made in Italy" və Avro-Aralıq dənizi zonası trendləri mövzularında 3 həftəlik yay modulunu uğurla tamamlamışlar. Bu üç həftəlik proqram nəzəri və praktik təcrübəni əhatə edən, sinif dərsləri, ixtisaslaşmış mühazirə və müzakirələr və şirkət ziyarətləri ilə zəngindir və məqsədi akademik dünya ilə iş dünyası arasında sıx əlaqə yaratmaqdır. Tələbələr bu dövr ərzində müxtəlif sənaye obyektlərini və onların biznes modellərini dərindən təhlil etmək və müxtəlif sektorlardan mütəxəssisləri dinləmək imkanı əldə etmişlər. Tələbələr ən son marketinq və innovasiya strategiyalarını həyata keçirməyi və rəqəmsal dövrdə lüks biznesi idarə etməyi öyrənmişlər. ADA-nın beş professor-müəllimindən ibarət qrupu tələbələri bu müddət ərzində müşayiət etmiş və Luiss Universitetinin mütəxəssisləri ilə “Made in Italy” təcrübəsinin öyrənilməsi ilə bağlı birlikdə işləmişlər. 2024-cü ilin payızında ADA tələbələri Roma şəhərinə qayıdaraq Luiss Universitetində kampusda dərslərə qatılacaq və 2025-ci ilin yayında bu tələbələr İtaliya-Azərbaycan təşəbbüsü çərçivəsində ilk məzunlar olacaqlar. Məzuniyyət mərasimi Luiss-də təşkil ediləcək”.
Paola Severino nəzərə çatdırıb ki, hüquq sahəsində də tələbə mobilliyi üzrə dialoq davam etməkdədir: “Bundan əlavə, 5 sentyabrda İtaliya Sənaye Konfederasiyasında (“Confindustria”) keçirilmiş Yüksək Səviyyəli İtaliya–Azərbaycan Dəyirmi Masası müzakirələrində ADA Universitetinin prorektor Elkin Nurməmmədov və Luiss Universitetinin Hüquq Fakültəsinin Prezidenti Professor Paola Severino potensial əlavə əməkdaşlıq sahələri, o cümlədən idarəetmə qaydaları, təşkilati modellər və qeyri-düzgün idarəetmənin qarşısının alınması mövzularını müzakirə etdilər”.