Bakı. Trend:
Sentyabrın 24-də Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Malinin müvəqqəti prezidenti Assimi Qoita ilə görüşüb.
Bu barədə Trend Mali prezidentinin mətbuat xidmətinə istinadən bildirib.
Bildirilib ki, bu görüş müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanların araşdırılmasına yönəlmiş iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə töhfə verəcək.
Görüşün yekununda Elçin Əmirbəyov Azərbaycanın Mali ilə əməkdaşlığın möhkəmləndirilməsində və şaxələndirilməsində maraqlı olduğunu vurğulayıb.
O, milli suverenliyin 64-cü ildönümü münasibətilə Maliyə firavanlıq arzulayıb.
Elçin Əmirbəyov Bakının Bamako ilə iqtisadi mübadilənin intensivləşdirilməsində maraqlı olduğunu bildirərək, enerji, mədənçıxarma, peşə təhsili və ictimai xidmətlərin təkmilləşdirilməsi daxil olmaqla bir sıra sahələrə diqqət çəkib.
Qeyd olunub ki, Azərbaycan tərəfi iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə bu məsələ ilə bağlı mübadilələrin davam etdirilməsi üçün müntəzəm məsləhətləşmə mexanizminin yaradılmasını təklif edir.