Bakı. Trend:
ABŞ Prezidenti Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Azərbaycana gəlib.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin “X” sosial media hesabında qeyd edilib.
"Biz COP29-un konfransqabağı görüşlərində iştirak etmək və kritik iqlim məsələlərində Azərbaycanla ABŞ əməkdaşlığını gücləndirmək üçün ölkəyə gələn beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı səmimiyyətlə salamlayırıq", - deyə əlavə edilib/
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.