Bakı. Trend:
Vətən müharibəsində Azərbaycanın sivil, cəbhə bölgəsindən kənarda yerləşən Bərdə şəhəri erməni terrorundan ciddi ziyan görən şəhərlərindən biri oldu. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə raket hücumu edildi və nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak oldu, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəydi.
A.Həsənova vurğulayıb ki, təcavüzkar Ermənistan tərəfi müharibə qaydalarını kobud şəkildə pozmaqda, həm cəbhə xətti boyunca, həm də mülki əhalini və infrastrukturu raket atəşinə tutdu.
“Ermənistanın bu əməli açıq terror və beynəlxalq cinayətdir. “Bu təkcə müharibə cinayəti deyil, eyni zamanda insanlıq əleyhinə törədilən ən ağır cinayətdir. İnsan nə qədər vəhşi və nə qədər vicdansız olmalıdır, nə qədər insanlıq hissini itirməlidir ki, dinc insanların üstünə raket atsın”, - deyə deputat bildirib.
A.Həsənova vurğulayıb ki, Vətən müharibəsi ərzində Bərdə ilə yanaşı Gəncə, Tərtər və digər şəhər və qəsəbələrimiz erməni terrorçuları tərəfindən raket atəşlərinə məruz qaldı.
“Məhz ermənilərin bu terror əməlləri nəticəsində mülki insanlar arasında itkilərimiz oldu. Döyüş meydanında qüdrətli ordumuz qarşısında tab gətirə bilməyən düşmən mülki əhalini atəşə tutmaqla Azərbaycanı dayandırmağa, insanlar arasında qorxu yaratmağa çalışırdı. Lakin hər kəsə məlumdr ki, ermənilərin bu çirkin əməlləri xalqımızı qorxutmadı, əksinə mübarizə ruhunu, qələbə əzmini daha da gücləndirdi.
Lakin Ermənistandan fərqli olaraq Azərbaycan ləyaqətli döyüş apardı, heç bir mülki obyekti hədəfə almadı, düşmənə yalnız döyüş meydanında cavab verdi”, - deyə deputat bildirib.
O əlavə edib ki, bu mahribə zamanı mülki insanlar arasında itkilərin olmasının da məsuliyyəti tam olaraq Ermənistanın üzərinə düşür. “Məhz Ermənistanın hərbi cinayətləri nəticəsində mülki insanlar arasında itkilər oldu. Ermənistan hərbi birləşmələri müharibə qanunlarını pozaraq və hərbi cinayət törədərək Azərbaycanın müharibə zonasından uzaqda yerləşən, heç bir hərbi əhəmiyyəti olmayan şəhərlərimizi qadağan olunmuş raketlərlə atəşə tuturdular. Gec-tez Ermənistan bu hərbi cinayət əməllərinə görə cavab verməli olacaq”, - deyə deputat əlavə edib.